18.04.2015 / 16:05 xeber –
Türkiyənin Nevşəhər vilayətində millət vəkili Qənirə Paşayeva və Nevşəhərli şairə Ayşə Paslanmazın yeni kitablarının təqdimatı və imzalanması mərasimi olub. Lent.az-ın məlumatına görə, mərasimdə Uluslararası Kapadokya Şiir və Kültür Festivalında və bu çərçivədə keçirilən Makedoniya Dostluq Gecəsində iştirak etmək üçün Nevşəhərdə səfərdə olan Makedoniya prezidenti Georgi İvanov və Makedoniyanın bir sıra nazirləri, Nevşəhər bölgəsinin rəhbərliyi, ziyalılar və jurnalistlər iştirak edib.
Təqdimat zamanı Q. Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Hosalı Soykırımı: Tanıkların dilinden” kitabı və Nevşəhər də daxil olmaqla Türkiyənin 20-dən çox bölgəsini anladan “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitablarının və yeni çapdan çıxmış “Aşıq oldum Sənə – Nevşəhər”adlı kitabının, şairə A. Paslanmazın kitablarının təqdimatı və imzalanması olub.
Q. Paşayeva yaxın zamanlarda qardaş Makedoniyanı Azərbaycanda daha geniş tanıdan bir kitab hazırlayacağına da söz verib. Millət vəkili sonra kitablarını imzalayaraq Nevşəhərin rəhbər şəxslərinə, aydınlarına, KİV təmsilçilərinə hədiyyə edib.
Mənbə : Lent.az