xeber –
Həmişə Azərbaycanı kimlərinsə, hansı qüvvələrinsə, hansı dövlətlərinsə qaraladığını, yəni qara piarladığını demişik. İndi isə biz Sizə bu qara piar-ı kimlərin hazırladığını və bu qaranı kimin yaxdığını, habelə onun səbəblərini və nəticələrini, verə bildiyi effekti və bir sıra hallarda uğradığı uğursuzluğu ilk dəfə açacağıq. Qara Piar-ı kim və nə üçün təşkil edir? Bu yaxma, qaralama prosesində fırça funksiyasını nə oynayır və o kimin əlindədir? Azərbaycanın Qarasına işləyənlər, yəni onu gözdən salmağa çalışanlar, imicini korlamağa çabalayanları təsnifatlandırmağa başlayaq.
Bu sırada ilk yeri Dünya Erməniliyi tutur. Dünya Erməniliyinin apardığı kampaniya özü də mahiyyət və istiqamətinə görə 3 hissədən ibarətdir.
Birincisi Dünya Erməniliyi bu kampaniyanı öz gücü ilə aparır.
İkincisi Dünya Erməniliyi bu kampaniyanı başqa ölkələrdəki lobbilərinin gücü ilə aparır.
Üçüncüsü Dünya Erməniliyi bu kampaniyanı onun maliyyə vəsaiti ilə fəaliyyət göstərən başqa ölkələrin vətəndaşlarının və maddi təsiri altında saxladığı kütləvi informasiya vasitələrin gücü ilə aparır.
Və bəri başdan deyək ki, ən təhləkəli PİAR elə budu. Çünki, bütün başqa Qara Piar-çıların məqsədi taktiki olur. Yəni bu addımı atan təşəbbüskar qarşısındakı məqsədə çatdıqdan sonra dayanır. Amma dünya erməniliyinin Qara Piarının təşəbbüskarı və müəllifləri həmişə və dəyişməz olduğundan bu proses daim olacaq. Çünki, onların məqsədləri uzaq mənzillidir, stratejidir, deməli, biz həmişə zərbələr gözləməli və hər bir həmləyə hazır olmalıyıq.
Qara Piar kampaniyasını aparan qüvvələr sırasında 2-ci yeri Azərbaycana rəqib olan və bir sıra məsələlərdə bu ölkənin mövqeyi ilə mövqeyi üst-üstə düşməyən dövlətlər tutur. Onların miqyası ən böyükdən tutmuş ən kiçiyədək müxtəlifdir. Onların əl atdığı üsul açıq-açığına təhdidə əsaslanan xalis şantaj xarakterlidi. Bu dövlətlərin güddüyü hədəflər müxtəlifdir. Bu, ikinci bir ölkəyə hərbi təzyiq etmək məqsədilə Azərbaycanda baza yaratmaq istəyinə nail olmaq üçün basqı yapan ölkədən tutmuş sadəcə iqtisadi qüdrətimizin rəqiblərinə qədər böyük bir arealı əhatə edir. Sadəcə rəqiblər dedikdə biz kimləri nəzərdə tuturuq. Azərbaycan kimi təzə və kifayət qədər iddialı oyunçunun peyda olması heç kimə lazım deyil. Yəni artıq başağrısıdır. Xəritə bölünüb. SSRİ dağılandan sonra dünyada münasibətlər ciddi şəkildə sabitləşib. Dost dostunu, düşmən düşmənini müəyyənləşdirib. Hər kəs öz yerini tutub. Nüfuz dairələrini formalaşdırıb. Maraq və mənafe sərhədlərini cızıb. Planetin söz sahibləri, əsas oyunçuları aydındır. Amma qəflətən meydana bütün bu oyunçulara baş ağrısı olan müstəqil və imkanlı, dilinə görə dilçəyi də olan tərəf çıxır. Mən də varam deyir.
Qəbul etdiyiniz qərara hörmətim var deyir. Amma bu qərara mən də razılaşmalıyam deyir. Azərbaycanın müstəqil siyasəti bu dövlətləri narahat etməyə başlayır. Onlar hələ sırağagün kiçik saydıqları, bəzən ümumiyyətlə heç saymadıqları bir dövlət qarşısında özünəməxsus kompleks yaşayır.
Bu hardan gəlib çıxdı deyə soruşur. Gəl indi bununla hesablaş da. Cəhənnəm olsun! Hesablaşmaycam. Aha. Onda gəlin bunu gözdən salaq belə deyir. Rəqib dövlətlər və bəzi ölkələrin nümunələrində görürdük ki, onların tələblərini yerinə yetirdikdə dərhal sakitləşirlər. Bu dövlətlərin mübarizəsi taktiki xarakter daşıyır. Yəni əvvəl həmin ölkə səni söyür, amma onun iqtisadi çağırışlarına müsbət reaksiya verirsən, necə deyərlər kapital qaynaqlarını qohumlaşdırırsan, o da səni öpüb gözünün üstünə qoyur.
Məsələn, tutaq ki, “STATOİL”ə Azərbaycan neftininin hasilatında operator olmaq lazım idi. Ona görə də burda iğtişaşlar saldı, elə ki, faiz payını aldı, məqsədinə çatdı və dayandı. Və ya Almaniyanın Azərbaycana münasibətini xatırlayırsınız?! Ən kəskin, ən sərt tənqidlər. Almaniyadan əməlli başlı incimişdik. Laaaap dövlət səviyyəsində. Amma İlham Əliyevin bu ölkəyə son səfərini yadımıza salaq. Merkellə birgə mətbuat konfransında sanki Almaniya alman dilli Türkiyə idi.
Ermənistanı işğalçı da saydı, ona stimul verən ölkənin də adını cəsarətlə çəkdi də. Bütün bunları belə bir fikrimə istinad kimi gətirirəm ki, Almaniya və onun kimi dövlətlərin Azərbaycana təzyiqi taktiki xarakterlidir. Umulanla bağlı razılaşma əldə ediləndən sonra hər şey öz yoluna düşür. Rus demişkən, niçeqo liçnoqo tolko biznes.
Burada Azəbaycana hansısa dövlətin şəxsən nifrəti yoxdur. Hədəf isə var. Təbii ki, onlar Azərbaycandan almaq istədikləri maddi və geosiyasi xəracı danışıqlarla ala bilməyəndə Azərbaycandan tələb olunanlar, umulanlar ağlasığmaz səviyəyə çatır və suverenliyi təhlükə altına alan həddə yetişir. Bax bu zaman həmin dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyasına start verirlər. Və Azərbaycan elə unikal ölkədir ki, hətta bir-birilə rəqib, düşmən belə olan ölkələr ona qarşı birləşirlər. Çünki, Azərbaycan müstəqil siyasət yürüdür.
Məsələn, Ermənistanın belə problemi yoxdu. Ona görə ki, bu problemləri vassalı olduğu ölkə həll edir. O bütün səlahiyyətlərini, qərar qəbul etmə hüququnu, dövlət haqqını başqa bir ölkəyə verib. Bu səbəbdən də Ermənistanla rəftar etmək onun iradəsinə təsir göstərmək, onu bu və ya digər iradəyə boyun əyməyə vadar etmək çox asandır. Hər şey çox sadədir. Yiyəsi ilə danışırsan, məsələ bitir. Azərbaycanla isə belə danışmaq qeyri-mümkündür.
Qara Piar-ın Təşkilatçıları Sırasında 3-cü yeri şərti olaraq cildini dəyişmişlər adlandırdığımız qüvvələr tutur. Kimdir bunlar? Onlar izinə çətin düşülən qüvvələrdir. Onlar göründüyü kimi olmayanlar və ya olduğu kimi görünməyənlərdir. Məsələn, tənqid və təhdid edən kütləvi informasiya vasitəsi bir ölkədə yerləşir, amma araşdırmalar nəticəsində məlum olur ki, bu mətbuat və ya media qurumunun səhmləri başqa, hətta bizimlə ilk baxışda dost, qardaş ölkə olduğunu göstərən dövlətə məxsusdur. O Azərbaycandan şantaj, təyziq yolu ilə ala bilmədiyini bu yolla, yəni başqa bir ölkənin ərazisində saxladığı kütləvi informasiya vasitəsinin təzyiqi yolu ilə əldə etməyə çalışır. Özü də bu qüvvələr o qədər büqələmunvaridir ki, hər üç qrupa aid ola bilər. Amma biz bunu qəsdən ayırdıq. Belələrinə Azərbaycanda ilanı seyid Əhməd əliylə tutanlar da deyirlər.
Məsələn, Azərbaycanı hansısa xairici ölkənin kütləvi informasiya vasitəsi amansız tənqid atəşinə tutur. Obyektiv olmayan tənqid atəşinə tutur. Sonradan məlum olur ki, bu kütləvi informasiya vasitəsinin həmin ölkəyə ümumiyyətlə heç bir dəxli yoxdur.
Məsələn, tənqidi yazıların ən ardıcıl və sərt xarakter daşıdığı Şpigelin səhmlərinin böyük bir hissəsi başqa, hətta bizə dost sayılan ölkəyə aiddir. Qara Piar-ın bu yoluna əl atanlar bir gülləyə, iki dovşan vurmuş olurlar. Bir tərəfdən Azərbaycanda həmin kütləvi informasiya vasitəsinin yerləşdiyi dövlətə qarşı narazılıq yaranır. Bir başqa tərəfdən isə Azərbaycanı vurmaqla onlar öz maraqlarına da qulluq eləmiş olurlar.
Misal çəkirəm: Yadınızdadır İtalyan mətbuatı necə neqativ məqalələr dərc edirdi. Burada az qala hər həftə müxtəlif aksiyalar təşkil edilirdi. Bəs nə vaxt? TANAP layihəsi ərəfəsində. Deməli, bütün bunlar adi gözlə görünən belə mətləblərdən xəbər verir: bu artıq təmiz rəqabətdir. Biz də bilirik ki, kim kimdir, nəçidir, hansı şirkətdir, kimin əli kimin çibindədir, sifarişçi, təşkilatçı kimdir. Və hər şey də onun üçün edilirdi ki, Azərbaycan qazı gedib İtaliyaya çıxmasın. Hamısını bilirik. Uşaq deyilik ki…
Mənbə : Anspress.com