xeber –
19 aprel 2015-ci il tarixdə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə 22 aprel – Ümumdunya Yer gününə həsr edilmiş “Həyat üçün seçilmiş planet: Yer” və “Təbiət və texnologiya” adlı iki hissədən ibarət konfrans keçirilib.
ANS PRESS-in məlumatına görə, konfransı giriş sözü ilə Ləman Piriyeva açaraq, GMİİB-in fəaliyyətləri barədə qısa məlumat verib. Gənc nəslin maarifləndirilməsi istiqamətində təşkilatın bu vaxtadək “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Ehtişam hər yerdə”, “Təkamül nəzəriyyəsinin süqutu ”, “Quran elmə yol göstərir” adlı konfranslar təşkil etdiyini vurğulayıb.
Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxışında bioloji müxtəlifliyin qorunması, ekoloji təhlükəsizliyin təmin olunmasından bəhs edib. O, öz çıxışında həmçinin cənab prezidentimizin ölkədəki ekoloji siyasətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Daha sonra ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini qeyd edib, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Konfransın “Həyat üçün seçilmiş planet: Yer” adlanan ilk hissəsində Rövşən Əkbərov çıxış etdi. Konfransın bu hissəsində Günəş sistemindəki tarazlıqlardan danışıldı.
İkinci hissədə isə Savalan Məmmədli “Təbiət və texnologiya” mövzusunda çıxışa başladı. Təbiətdəki qüsursuz şəkildə yaradılmış canlıların texnologiyaya necə ilham mənbəyi olmasından, canlılar örnək alınaraq hazırlanan texnoloji vasitələrdən bəhs etdi.
Bir çox dövlət nümayəndəsi, elm adamı, ictimai-siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənildi.
Mənbə : Anspress.com