xeber –
Son zamanlar iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə davamlı olaraq aparılan təbliğat-məlumatlandırma işləri istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə nəticələnir.
Statistikaya görə, bu ilin yanvar-mart aylarında istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır.
Ekspertlər, son zamanlar bu sahədə görülən işləri, bədbəxt hadisələrin sayının azalmasını müsbət qiymətləndirsələr də, hələ ölkədə aparılan inşaat-tikinti işlərində bir sıra problemlərin qaldığını bildiriblər. Belə ki, əmək müqavilələrinin imzalanması, tikinti sahələrində təhlükəsizli tədbirləri ilə bağlı paytaxtın müxtəlif yerlərində videoçarxların monitorlar vasitəsilə göstərilməsi, reklam xarakterli afişaların asılmasına böyük ehtiyac duyulur.
ANS PRESS baş verən istehsalat qəzalarının səbəbləri, sayı, əməyin mühafizəsi qaydaları, aşkarlanan pozulma hallarına qarşı görülən tədbirlər, əməyin mühafizəsi üzrə norma və standartlar barədə işçi və işəgötürənlərin, eləcə də ictimaiyyətin məlumatlandırılması, bununla bağlı ictimai yerlərdə reklam və videoçarxların yerləşdirilməsi və s. məsələlərlə bağlı araşdırma aparıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, baş vermiş istehsalat qəzaları ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada təhqiqat işləri aparılaraq, konkret tədbirlər görülür. Bu hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb.
Xidmət tərəfindən mişar daşlarının istehsal olunduğu müəssisələrdə (daş karxanalarında) əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərini davam etdirilur. “Təhlükəsiz iş aylığı” çərçivəsində həyata keçirilən növbəti nəzarət tədbirində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının da iştirakı təmin olunub.
Dövlət nəzarəti zamanı Bakının Qaradağ rayonunda yerləşən “Sehran” MMC-də və “Sunrice” MMC-də əməyin mühafizəsi ilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, onlarda işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib. İşçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədikləri aşkarlanıb. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib.
Ümumiyyətlə, bu ilin əvvəllərində digər müəssisələr kimi, “Sehran” MMC və “Sunrice” MMC-yə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması barədə icrası məcburi olan göstərişlər əksini tapıb. Həmçinin bu müəssisələrdə qeyd olunan tələblərin icrasının, eləcə də işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin olunması vəziyyətinin araşdırılacağı bildirilib.
Hər iki müəssisədə aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılanadək işlər dayandırılıb. Həmin müəssisələrin rəhbər şəxslərinə əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilərək akt tərtib olunub.
Maarifləndirmə işlərinə gəlincə, əmək qanunvericiliyi işçi və işəgötürənlər arasında bağlanan əmək müqaviləsində işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyin əksini tapmasını tələb edir. Həmin öhdəliyin yerinə yetirilməsi işəgötürənlər üçün məcburi xarakter daşıyır. “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı şəhərində və İmişli rayonunda iri işəgötürənlər (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Azərbaycan Şəkər İstehsalı Birliyi) üçün əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.
Ekspertlər deyiblər ki, iş yerlərində əməyin mühafizəsinin təmin olunmamasına, işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə qanunvericilik aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Çünki belə hallar nəticə etibarilə istehsalatda bədbəxt hadisələrin baş verməsinə, işçi insanların həyat və sağlamlığının təhlükə altında qalmasına səbəb olur. Ona görə də hər bir işəgötürən əməyin mühafizəsinin təşkilinə, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə məsuliyyətlə yanaşmalıdır.
Bir sözlə, əmək qanunvericiliyinə əməl olunması, habelə iş yerlərində əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi və digər təsirli tədbirlər ölkəmizdə istehsalat qəzalarının, bu hadisələr zamanı ölən və ya xəsarət alanların sayının kəskin şəkildə azalmasına səbəb olar.
Mənbə : Anspress.com