xeber –
Bakının mərkəzi küçələrində ucaldılmış Azərbaycanın tanınmış şəxsiyyətlərinin abidələri sözsüz ki, şəhərimiz ayrı bir gözəllik verir. Amma bəzən baxımsızlıqdan onlar tanınmaz hala düşür.
Bu dəyərli şəxsiyyətlərin özləri haq dünyasında olsa da, heykəllərinin diqqət və qayğıya daim ehtiyacı var desək yanılmarıq. Ən azından onların xalqımız qarşısında etdikləri xidmətlərinə görə, buna layiqdirlər.
Amma bu heykəllər yuxarıdan aşağı baxa bilsələr, yəqin ki, üst başlarının çirkindən utanarlar.
Paytaxdın Yasamal rayonunda ucalan Nəriman Nərimanovun heykəli şəhərin mərkəzində yerləşsə də, deyəsən gözdən-könüldən uzaq düşüb. İlk baxışdan insanda elə təsəvvür yaranır ki, heykəl illərdir yuyulmur.
“28 May” metro stansiyasının yaxınlığında ucalan Cəfər Cabbarlının heykəli də natəmizlikdə, bunu nə qədər ürək ağrısı ilə desək də, Nəriman Nərimanovun abidəsindən geri qalmır. Burda da eyni mənzərə göz dağına çevrilib. Əlləri qoynunda olan dahı şəxsiyyətin heykəli, sanki üstünün çirkindən utanır.
Quşlar isə Cəfər Cabbarlının qoynunda məskən salıb. Elə Cəfər Cabbarlıya daha çox diqqət ayıran da deyəsən bu quşlardır. Amma bu diqqətdən nə yazıq ki, dahi şəxsiyyətə yalnız zərər gəlir. Bir sözlə quşlar tərəfindən çirkləndirilən bu heykələ də lazımi dəyəri verən yoxdur.
Əgər bu şəxsiyyətlərə dəyər verilsəydi, onda bu gün biz tam başqa bir mənzərə ilə qarşılaşardıq. Elə paytaxt ərazisində küçədən ötən şəhər sakinlərinə tamaşa edən Mirzə Ələkbər Sabirin heykəli kimi. Bu abidə sadaladığımız digər heykəllərdən fərqli olaraq təmiz vəziyyətdə idi.
Ərazidə təmizlik işi aparanların sözlərinə görə, heykəl vaxtaşırı təmizlənir. Deməli bunu etmək mümkündür. Gözdən-könüldən uzaq düşən digər şəxsiyyətlərimizin heykəllərinə kaş bu təmizlikdən pay düşə.
Ümid qalır müvafiq qurumların yaddaşlarını təzələməsinə. Bəlkə bundan sonra illərin çirki də yuyulub təmizlənə.
Mənbə : Anspress.com