17.06.2015 / 01:42 xeber –
İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.
Fonddan APA-ya verilən məlumata görə, şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının ovqatını hiss ediblər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-havaya əlavə rəng qatıblar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşılayıb. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak edib.
Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb.
Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlməyib. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də olub. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs etdi, söhbətləşdi, onlarla fotolar çəkdirib.
Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi olub. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırıldılar.
Mənbə : Lent.az