02.02.2015 / 18:45 xeber –
“Mənə və çalışdığım müğənnilərə də pul təklif etmişdilər”
Bir neçə gün öncə insan alverində günahlandırılan prodüser Vəfa Məmmədova Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən iki ay müddətinə həbs olundu. Bu gün Maral Tahirqızı da insan alverində təqsirləndirilərək Xətai Rayon Polis İdarəsində ifadə verib. Bəs görəsən şou əhlinin baş verənlərə münasibəti necədir? Lent.az bu məqsədlə sorğu keçirib.
Prodüser Təranə Səmədova: “Prodüser Vəfanın həbs olunması xəbərini mətbuatdan oxudum. Pis oldum. Nəyə görə? Prodüser adı ilə faydalanıb, başqa-başqa işlərlə məşğul olurlar. Bu, mənim üçün utandırıcıdır. Şou-biznesin adına ləkə gətirirlər. Mən və mənim digər həmkarlarım var ki, əziyyət çəkirlər, pul qazanırlar. Yəni yüngül pul qazanmaq üsulu seçmirlər. Mən o Vəfanı Nüşabə Ələsgərlinin yanında görürdüm. Sonra Mənzurə Musayeva ilə dostluq edirdi. Sizə bir etiraf edim, mənə zəng edib, pul təklif edənlər olub. Özümə və çalışdığım xanım müğənnilərə görə. Amma bir kəlmə ilə başa salmışam ki, işinizlə məşğul olun. Hətta söymüşəm. Müəyyən pul sahibləri düşünürlər ki, əllərində pul var, kimləri istəsələr, ələ keçirəcəklər".
Müğənni Afaq Aslan: “Şou-biznesdə heç kimlə dostluq etmirəm. Şou nümayəndələrinin insan alverinə görə istintaqa cəlb olunması xəbərini eşidib, həm şoka düşmüşəm, həm də gülürəm. Mənim adım da bir çox müğənnilərlə qalmaqallarda çox hallanıb. Qalmaqalların da əksəriyyəti bu mövzuya çox yaxın idi. Mənim də qalmaqalımda pul söhbəti vardı. Pula meylli olan bəzi müğənnilər başqa-başqa işlərlə məşğul olurlar. Amma heç vaxt ehtiyac olmayıb ki, hansısa məbləğ müqabilində kimləsə görüşüm. Mən hər zaman kimlə görüşmüşəmsə, pul naminə bir yerdə olmamışam. Sevgilim olan yerdə nə ehtiyacım var ki, kiminləsə pul müqabilində görüşüm?”.
Xalq Səməd Səmədov: “Bilmirəm şou-biznes niyə bu günə qaldı. İnsan alveri ilə məşğul olurlar? Utanmırlar? Eşitdim ki, bir prodüseri tutublar. Əslində, bu işlə məşğul olanları mütləq istintaqa cəlb etməlidirlər. Mən Azərbaycan vətəndaşı kimi bu cür halları pisləyirəm. Başqa söz deməyə də dilim gəlmir”.
Əməkdar artist Nüşabə Ələsgərli: “Başqa sahədə bu hallar baş vermir? Türmədə yatanların hamısı şou-biznes nümayəndələridir? Qələt edir şou-biznesin halını hallandıranlar. Gedib həbsxanada yatan xanımlara baxsınlar, görsünlər onların şou-biznesə aidiyyatı var? Sonra şou-biznesdən danışarlar. Ərini, xalasını, anasını, bacısını öldürüb, orada yatanlar var. Onların hansı şou-biznesdir?”
“Space”in aparıcısı Mikayıl Güləddinoğlu: “Mənə görə ən çirkab yer şou-biznesdir. Özüm də şou-biznes sahəsindəyəm. Bu cür söhbətlərin şou-biznesdə olması məni də narahat edir. Əslində yaxşı haldır ki, hüquq-mühafizə orqanları bu məsələnin üstünə düşüblər. Hər şey incəliyinə qədər araşdırılmalıdır. Düşünürəm ki, şou aləmi təmizlənməlidir. Şou-biznesdə bir çoxlarının şəxsiyyətində çox kəm-kəsirləri var”.
Müğənni Elariz Məmmədoğlu: “Bu xanımdan gözləməzdim. Nə qədər doğru olduğunu bilmirəm. Amma onu deyə bilərəm ki, şou-biznes nümayəndəsi ümumiyyətlə cəmiyyətə nümunə olmalıdır. Mənim özümün nümunəvi ailəm və 3 övladım var. Qaldı ki, eyni sahədə çalışdığım digər insanlar barədə, nə deyim? Hər sahənin pisi və yaxşısı var. İnsan alverinə görə həbs olunan Vəfanı Nüşabə Ələsgərliyə görə tanımışam. Yaxınlığım yox idi. Sadəcə, tanıyırdım. Bu cür işlərindən isə xəbərim yox idi”.
Müğənni Səidə Sultan: “Bu cür insanlar hər sahədə ola bilər. Bizim sahə üzdə olduğuna görə, bu məsələlər çox müzakirə olunur. Düşünürəm ki, hər bir insanın özündən asılıdır. Hansısa qıza pul təklif olunursa, ürəyi istəyirsə, razı olacaq. Hərənin şəxsiyyəti özünə məxsusdur. Kimsəni qınaya bilmərəm. Deyə bilmərəm ki, belə eləmə. Bir sözlə qeyrət dərsi keçə bilmərəm. Nəyimə lazımdır? Kim nə edibsə, özü bilər”.
Müğənni Əli Mirəliyev: “Ayıb olsun həmin insanlara. İnsan alveri ilə məşğul ola, normal insan ola bilməz. Bu gün Azərbaycan musiqisi bu insanlar pis günə salıblar. Maral da istintaqa cəlb olunub. Ona nə deyim ki? Oxuyan deyil axı”.
Mənbə : Lent.az