26.06.2015 / 15:02 xeber –
Azərbaycanın daha bir boksçusu finala yüksəlib. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev finala vəsiqə qazanmaq uğrunda döyüşdə rusiyalı Sadam Maqomedovlə görüşüb. Döyüş idmançımızın qələbəsi ilə yekunlaşıb. A.Abdullayev digər finala çıxan boksçularımız kimi sabah həlledici qarşılaşmaya çıxacaq.
**
69 kiloqram çəki dərəcəsində yarımfinal döyüşünə çıxan boksçularımızdan Pərviz Bağırov da uğur qazanıb. Böyük britaniyalı Joş Kelli ilə döyüşdə Avropa çempionumuz 3:0 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş də digər finallar kimi sabah baş tutacaq.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin üzvü Xaybula Musalov isə Macarıstan təmsilçisi Zoltan Harksanı bir qədər çətinliklə məğlub edib. Yekunda rəqibini 2:1 hesabı ilə yenməyi bacaran idmançımız bu gün finala vəsiqə əldə edən 3-cü boksçumuz olub. Onun həlledici görüşdəki rəqibi İrlandiya təmsilçisi olacaq.
**
Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığması növbəti medalını qazanıb. Lent.az-ın məlumatına görə, qadınlar arasında 60 kq çəkidə mübarizə aparan idmançımız Yana Alekseyevna yarımfinalda olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) döyüşüb. Gərgin keçən qarşılaşma daha təcrübəli rəqibin çətin qələbəsi ilə yekunlaşıb. Bakı-2015-in beynəlxalq idman elçisi olan irlandiyalı boksçu 2:1 hesabı ilə qalib gəlib.
Alekseyevna yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Bu, boks komandamızın 5-ci, ümumilikdə Azərbaycan millisinin 47-ci mükafatı olub.
60 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli boksçumuz Albert Səlimov isə yarımfinalda inamlı çıxış edib. 29 yaşlı A.Səlimov gənc rəqibi Sin Makkombunu (İrlandiya) 3:0 hesabı ilə məğlub edərək finala çıxıb. İdmançımız final görüşündə qızıl medal uğrunda mübarizə aparacaq.
mənbə :
lent.az