18:46 xeber – Bu gün “Bakı-2015” Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulacaqlar. ANS PRESS-in məlumatına görə, 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.
Həmyerlilərimizdən İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva yığmamızın medal sayını artırmağa çalışacaq.
Paracüdo
Kişilər
+90 kq
Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, “Bakı-2015″in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla (Yunanıstan) qarşılaşıb və finala çıxıb. İlhamın son rəqibi Aleksandr Pominov (Ukrayna) olacaq. Görüş saat 19.30-da başlayacaq.
Bu çəki dərəcəsində tatamiyə çıxacaq digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gəlib. Bu mərhələdə uduzan Zakir təsəlliverici mərhələyə qatılıb. İlk rəqibi Julien Taurines (Fransa) üzərində qələbə qazanan Mislimov bürünc medal uğrunda yarımfinalda İlham Zəkiyevə yenilən yunan Klimis Papaçristosla qarşılaşacaq. Görüş saat 19.20-də başlayacaq.
Qadınlar
57 kq
Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. O, ipponla qalib gələrək, yarımfinala yüksəlib. Səbinənin yarımfinaldakı rəqibi Natalya Nikolayçuk (Ukrayna) olub. Bu dəfə də qələbə qazanan Abdullayeva finala çıxıb. Cüdoçumuzun finaldakı rəqibi başqa ukraynalı İnna Çerniak olacaq. Görüş saat 19.10-da başlayacaq.
mənbə :
anspress