14.07.2015 / 14:36 xeber –
Bilgəh qəsəbəsində bağlar massivində su xətləri olsa da, borularda su tapana mükafat verilir
Deyilənə görə, Bakının bəzi qəsəbələrində suyu olana pis baxırlar. Söhbət hə içməli, həm də texniki sudan gedir.
Bunu mən demirəm, Lent.az-ın "Facebook"-dakı rəsmi səhifəsində keçirilən müvafiq sorğuda (https://www.facebook.com/onlinexeber?fref=ts) iştirak edən sosial şəbəkə istifadəçiləri deyir.
Sosial şəbəkə istifadəçiləri deyir ki, "Azərsu"nun məsul şəxsləri vəzifə borcunu yerinə yetirməkdənsə, yəni əhalinin içməli su təchizatını təmin etməkdənsə, necə deyərlər, hamam suyu ilə özünə dost tutur. Özü də hamamı da su ilə "Azərsu" təchiz etmir. Buna görə də, XXI əsrdə, üstəlik "Azərsu"nun infrastrukturuna dövlət büdcəsindən və xarici maliyyə institutlarından milyonlarla vəsait xərcləndiyi bir vaxtda, insanlar bineyi-qədimdə olduğu kimi, "vodovoz" adı ilə tanınan maşınlarla su daşıyır. Başqa sözlə, tədarük görür. Axı kim bilir, "Azərsu"nun növbəti fokusu neçə günlükdür?!
Ötən həftənin şənbə günü "Azərsu" belə bir məlumat yaydı: "Bakının bir neçə rayonuna suyun verilməsində məhdudiyyətlər olub. Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb. Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir".
Əvvəla onu deyim ki, problemin aradan qaldırmaq üçün "Azərsu" zəhmətkeşləri 3 günlük qollarını çırmalamalı oldular. "Azərsu"nun rəsmisi Anar Cəbrayıllı bildirib ki, artıq problem həllini tapıb və əhaliyə verilən suyun təzyiqi rejimə uyğunlaşdırılır. "Anbarlara su ehtiyatı toplanılır ki, problemlər yaranmasın. Bununla bağlı, bizdə su təchizatında əsasən problem yarandı Yasamal, Binəqədi və Səbail rayonlarında. Məsələn, bu rayonların bəzi hissələrində problem müşahidə olunmurdu, o ərazilər 24 saatlıq rejimdə su ala bilirdi, o əraziləri keçirdik fasiləli rejimə. Lakin hazırda vəziyyət stabilləşib. Hazırda zən mərkəzimizə gələn şikayətlərin sayında 2 dəfə azalma müşahidə olunur".
A. Cəbrayıllı bu gün su təchizatında problemlərin yaşandığı ərazilərin adlarını da açıqlayıb: "Həmin əraziləri Suraxanı rayonunun ətraf əraziləridir, Xətai rayonu, Əhmədli qəsəbəsi, Naximov küçəsi, kənd Binəqədinin kiçik bir hissəsidir. Başqa ərazilərdə, su təchizatı ilə bağlı, demək olar ki, problemlər yoxdur".
Bu, "Azərsu"nun mövqeyi. İndi isə sosial şəbəkə istifadəçilərinin su təchizatı ilə bağlı gileyləndiyi əraziləri təqdim edirik, yəqin ki, "Azərsu" rəsmilərinə də maraqlı olar:
Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehdi Mehdizadə küçəsi, Gəncə prospekti; Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yaxınlığı; Suraxanı rayonu, Köhnə və Yeni Günəşli, Qaraçuxur qəsəbələri; Nərimanov rayonu, Azadlıq prospekti; Xəzər rayonu, Binə qəsəbəsi, Sabunçu rayonu, Pirşağı, Buzovna, Bilgəh, Zabrat qəsəbələri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Biləcəri qəsəbəsi, Yasamal rayonu, Şərifzadə küç. 196, 9-cu mikrorayon; Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küç.; Xırdalan dairəsinin yaxınlığındakı ərazilərdə, Abşeron rayonu, Nübar və At yalı qəsəbələri, "Gənclər şəhərciyi" yaşayış kompleksi, Mehdiabad qəsəbəsi, Məhəmmədli qəsəbəsi.
Əlavə olaraq qeyd edim ki, siyahı maksimum komplektləşdirilib, qısaldılıb. Maraqlananlar Lent.az-ın "Facebook" səhifəsində tam siyahı və yazılan şərhlərlə tanış ola bilərlər.
Şərhlər demişkən, 1-2 şərh var idi ki, onların üzərində xüsusilə dayanmamaq olmazdı. Məsələn, onlardan biri Ramazan bayramı ilə əlaqəli olduğu üçün daha aktualdır. İstifadəçilərdən biri yazır: "Artıq 4 gündür ki, Biləcəri qəsəbəsində 1 damcı da su gəlmir, TV-də iftara qədər verəcəklərini desələr də, bu gedişatla artıq 3-cü iftarı susuz açacağıq". Bu şərhin sahibinin iftar dualarını təsəvvür etmək çətin deyil. Əlavə şərhə ehtiyac yoxdur.
Zabrat qəsəbəsində yaşayan sakinlərdən biri isə yazır ki, "təzə məktəbin sol tərəfində təzə borularla bir-iki evə su çəkdilər "dlya pokazuxa", elə də da qoyub getdilər. Köhnə borularla su gəlmir. Xahiş edirik, gəlsinlər təzə borulardan küçələrə da su çəksinlər. BİZ DƏ KÖMƏK ELƏYƏRİK".
Buzovna qəsəbəsindən isə yazırlar ki, "içməli suyu əhali pulla alır, ala bilməyəndə yollarda olan su kranlarından baçoklarla daşıyır".
Bilgəh qəsəbəsində də bağlar massivində su xətləri olsa da, borularda su tapana mükafat verilir. "Azərsu" rəsmiləri isə su əvəzinə vəd verirlər…
İlkin Əhmədov
mənbə :
lent.az