14.07.2015 / 17:38 xeber –
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümünə yekun vurub. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu mövsümdə tamaşaçılara milli və dünya dramaturgiyasından seçilmiş 4 fərqli tamaşa, teatrın nəzdindəki “Oyuq” teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert və tamaşa təqdim edilib.
Mövsümün sonu ilə bağlı hesabat xarakterli çıxışında teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə qarşıdakı mövsümdə – noyabrın 15-dən 20-dək paytaxtımızda baş tutacaq növbəti teatr bayramı –“Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssislərinin iştirak edəcək.
Sonda “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxış olub. Teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi tamaşanın quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.
mənbə :
lent.az