27.11.2008 / 19:04 xeber –
Artıq onlara “qaçqın komanda” demək mümkün deyil
Komandanın oyunçularının böyük əksəriyyəti namaz qılır
Azərbaycanın futbol komandalarında gündəlik rejim necə qurulub? Futbolçuların işi yalnız məşq və oyundanmı ibarətdir? Suallar çoxdur. Ən dəqiq cavabı isə klubun düşərgəsində olaraq bir neçə saatlıq müşahidələrlə tapmaq mümkündür. Lent.az bu məqsədlə yeni layihəyə start verdi.
İlkin hədəf kimi “Qarabağ”ı müəyyənləşdirildi. Seçim təsadüfi deyildi. Azərbaycan Premyer Liqasının XII turunda “Xəzər-Lənkəran” üzərində 3:1 hesablı qələbə qazanan və rəqib komandanın baş məşqçisi Rasim Karanın istefasına səbəb olan Ağdam klubunda yaşanan ab-havanı görmək pis olmazdı. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov istəyimizi dərhal müsbət cavablandırdı.
Belə “qaçqın” olar?
Klubun düşərgəsi müxtəlif ola bilər. Hətta Azərbaycan Premyer Liqasında elə komandalarımız var ki, “səyyar düşərgələr” qurmaqla məşğuldurlar. Düzdür, rəhbər şəxslər özlərini güc-bəla iki-üç otaqlı ofisə yerləşdirə biliblər. Amma futbolçularının işi-gücü gündə bir dəfə məşqə gəlib 1,5 saatlıq hazırlıq keçdikdən sonra evlərinə yollanmaqla məhdudlaşır. Ən yaxşı halda oyuna bir gün qalmış “ucuzvari” mehmanxana tapıb orada məskunlaşırlar. Bunu xüsusən də bəzi paytaxt klublarına şamil etmək olar.
Lakin paytaxtda bir klub da var ki, təmsil etdiyi rayonun böyük hissəsi erməni işğalı altındadır. Bununla belə, həm baza, həm stadion, həm də səviyyəli futbolçulara malikdir. Bu, Ağdamın “Qarabağ” klubudur. Bir vaxtlar hətta özləri-özlərini “qaçqın komanda” adlandırırdılar. “İmarət” stadionunda oynadıqları dövrdən onlara bir sınıq-salxaq LAZ avtobusu qalmışdı.
İndi isə adamın “Qarabağ”a “qaçqın komanda” deməyə heç cür dili gəlmir. Onlar nəinki Suraxanı qəsəbə stadionunda öz oyunlarını keçirirlər, hətta yığmamızın məşqlərinə də şərait yaradırlar. Heyətlərinə gənc və təcrübəli oyunçular, yığmamızın üzvlərini, hətta Makedoniya millisinin sabiq futbolçusu Artim Şakirini cəlb ediblər. Qaldı ki, bazalarına… Əvvəllər çoxlarının asudə vaxtlarını süni örtüklü meydançada futbol oynamaqla keçirdiyi “Ruslan-93” idman kompleksi iki ilə yaxındır ki, “Qarabağ”ın ixtiyarındadır.
“Peraşki” hara, “inomarka” hara?”
“Ruslan-93”ə 13:00 radələrində çatdıq. İdman kompleksinin qarşısı avtomobil sərgisinə bənzəyirdi. Burada hər markadan maşınlara rast gəlmək olardı. “Jeep”lər, “Mercedes”lər, BMW-lər və daha nələr-nələr… Bircə sovet, yaxud rus maşınları yox idi. Və bir də aralıda klubun “Mitsubishi” markalı mikroavtobusu yetim kimi dayanmışdı. Klubun düşərgəsi ilə tanışlığımız mətbuat katibinin otağından başladı. Məlum oldu ki, Nurlan “Qarabağ”ın saytına xəbərləri köhnə model kompüterlə qoyur. Maraqlıdır ki, bu sayt futbol klubları arasında ən yaxşı sayt sayılır. Nahar vaxtı olduğundan futbolçuların nahar etdiyi yeməkxanaya yollandıq. Özümüz yemədik, yeyənlərə tamaşa etdik və bir də şəkillərini çəkdik. Yemək də ki, maşallah! Masa üzərində ən azı on cür təam vardı. Plova kimi! Bu zaman yadıma məhz “Qarabağ” futbolçularının vaxtilə dedikləri “peraşki yeyib, oyuna çıxırıq” sözləri düşdü. Bilmirəm təsadüfdən, ya zərurətdən, həmin futbolçuların ikisi Müşfiq və Yaşar Hüseynov qardaşları yeməkxanada idilər. Amma “peraşki” yemirdilər. Çünki təamlar arasında “peraşki” yox idi. Uzun müddətdir yaşıl meydanda görmədiyimiz Azər Məmmədovu yemək vaxtı “yaxaladıq”. Şəklini çəkəndə duruxdu. Sanki stol arxasında şəklinin çəkilməsinin əleyhinə idi. Bunu görən komanda yoldaşlarından biri Azərə “çoxdandır, meydançada görünmürsən, qoy heç olmasa stol arxasında görsünlər də…” dedi. Saçından qoca, yerişindən cavana oxşayan Emin İmaməliyev də burada idi. Amma o, yemək vaxtı şəklinin çəkilməsinin fərqində deyildi.
Futbolçuların məşğuliyyəti: yerlilər çarpayı ilə, legionerlər noutbukla…
Yeməkdən sonra hərə bir tərəfə çəkildi. Biz də bir-bir otaqları gəzməyə başladıq. Yeməkxananın yanındakı konfrans zalına bilyard stolu da qoyulmuşdu. Ətrafında da bir neçə gənc futbolçu toplaşmışdı. Maksim Medvedev kiylə bacarığını nümayiş etdirirdi. İspaniyanın “Real” komandasında hazırlıq keçəcək Qara Qarayevi də burada tanıdım. Digər otaqlara doğru yönəldik. Tibbi kabinədə həkimlərdən başqa heç kim yox idi. Futbolçuların əksəriyyəti isə öz otaqlarına çəkilmişdi.
Otaqların demək olar ki, hamısında iki futbolçu vardı. Yerlilərlə legionerlər ayrı-ayrı otaqlarda qalırdılar. Bir fərq də hiss olunurdu. Hansı əcnəbinin olduğu otağa girirdiksə, qarşılarında noutbuk görürdük – nə isə yazırdılar. Soruşanda deyirdilər: “Elektron ünvanıma baxıram, ailəmlə, tanışlarla söhbətləşirəm”. Yerli futbolçular isə əllərini başlarının arxasına qoyub çarpayılarını “işə salmışdılar”. Hətta otağında tək olan Zaur Ramazanov yuxudan qapının səsinə ayıldı. “Xəzər-Lənkəran”ın qapısından ilk topu keçirən Vaqif Cavadovu isə sevinc hissləri hələ də tərk etməmişdi. Koridorda kiminləsə deyib-gülür, zarafatlaşırdı.
Namaz vaxtı
Bir otağa da daxil olduq. Komandanın kapitanı Aslan Kərimov namaz qılırdı. Ayaq üstə canamazı ilə birgə şəklini çəkdik. Dedi ki, artıq 10 ildir ki, namaz qılır. “Qarabağ”da namaz qılanların sayı qılmayanlardan çoxdur. Yerli futbolçuların demək olar ki hamısı Həcc ziyarətində olub. Özü isə 1996-cı ildə gənclərdən ibarət yığmamızın heyətində yoldaşlıq görüşü keçirmək üçün Səudiyyə Ərəbistanında olarkən Məkkəyə də aparılıb. Amma yenə də getmək istəyir. Deyir ki, bir-iki ilə futbolçu karyerasını başa vurandan sonra Həcc ziyarətinə yollanacaq. Aslandan bu qədər dindar futbolçu üçün namaz otağının olub-olmadığını da soruşdum. “Otaq ayırıblar, yaxın vaxtlarda tam hazır olacaq” cavabını verdi.
“Provokasiya”
“Xəzər-Lənkəran” üzərində qələbənin komandanın əhval-ruhiyyəsinə təsirinə gəlincə, “Qarabağ”ın kapitanı “sözsüz ki, müsbət təsiri oldu. Amma artıq bu qələbə arxada qalıb. Növbəti oyunlarda zəif çıxış edəsi olsaq, gərək o qələbəni büküb ataq” dedi. Aslan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da dindardır. Onun otağı ilə futbolçuların qaldıqları bina əks istiqamətlərdə yerləşir. Otağına girdiyim zaman kompüter arxasında oturub “Qarabağ” – “Xəzər-Lənkəran” matçının videoyazısına baxırdı. Deyəsən, baxmaqdan doymamışdı. Amma söhbət zamanı çox təmkinli görünürdü. Verdiyi hər cavabdan sonra üzbəüz divardakı saata baxırdı. Söhbətə cəmi 10 dəqiqə vaxt ayırmışdı. Sonra isə məşqə yollanacaqdı. Amma müsahibə heç 5 dəqiqə çəkmədi. Bitəndən sonra “yaman provokasyon suallar verirsən” dedi. “Siz də ustalıqla yayınırsınız” cavabını verdim.
Bu vaxt küçədən “Qarabağ”ın mikroavtobusunun səsi eşidildi. Saat 15:00 idi. Komanda Suraxanı qəsəbə stadionuna məşqə tələsirdi. Futbolçular avtobusa doluşmuşdu. Məşqçilər isə öz maşınları ilə gedəcəkdilər. Piyada qalan yalnız mən idim. Hələ “Ruslan-93”dən “Qara Qarayev” metrosunadək yol ölçməliydim…
Elşən Məmmədov
mənbə :
lent.az