13:26 xeber – Dünya futbolunun canlı əfsanəsi olan Rivaldo növbəti matçına çıxıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Moji-Mirim” klubunun prezidenti olan Rivaldo Braziliya ikinci liqasında mübarizə aparan “Makae” ilə görüşdə hətta qol da vurub. 43 yaşında yenidən yaşıl meydanlara qayıdan braziliyalı futbolçu oyunda penaltidən fərqlənib.
Futbolçunun oğlu da atasından geri qalmayıb. “Moji-Mirim” forması geyinən 20 yaşlı oğlu Rivaldinyo isə iki dəfə rəqib qapısına yol tapıb. Matç da “Moji-Mirim” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rivaldo daha öncə “Nautiko” ilə görüşdə 68 dəqiqə meydanda olsa da, fərqlənə bilməmişdi.
Kariyerasına 1991-ci ildə başlayan Rivaldo, 1997-ci ildən 2002-ci ilə kimi Barselona klubunda forma geyinib. Kataloniya klubunun heyətində oynadığı 157 oyunda 86 qola imza atıb. 1993-cü ildən Braziliya milli komandasının heyətində forma geyinən Rivaldo 74 matçda 34 dəfə rəqib qapılarına yol tapıb. Braziliyalı futbolçu 1999-cu ildə dünyada ilin futbolçusu seçilib.
Rivaldo 43 yaşında yenidən yaşıl meydanlarda
mənbə :
anspress