01:59 xeber – Bir çox hallarda pasientlər onlar üçün yazılan firma dərmanlarının baha olmasından şikayətlənir. Çoxları isə həkimlərin əksəriyyətinin apteklə müştərək işlədiyini deyir.
Həkim – xəstə münasibətlərində resept yazılışı və dərman preparatları üçün apteklərə müraciət qəbul olunmuş bir düsturdur.
Ancaq söhbət həm də hansı dərmanların yazılmasından gedir. Bu yerdə isə ucuz və baha preparat anlayışı yada düşür. Elə buna görədir ki, bir çox hallarda xəstələr bəzi həkimlərin dərman yazması məsələsində şübhəli məqamları sezir və “mənə firma dərmanı yazmayın” deməklə özünü yanlış dərman preparatlarından sığortalamaq istəyir.
Elə bizim qəhrəmanımız Namiq Hüseynov da həkimin təkidi ilə getdiyi aptekdən aldığı dərmanların qiymətindən ağzı yananlardandır:
“Böyrəyimlə bağlı şikayətim vardı. Bununla bağlı özəl klinikaların birinə yollandım. Həkim mənə dedi ki, get filan döngədə filan aptəkdə var, dərmanları ordan al. Həkimin dediyi kimi həmin aptekə gedib dərmanları ordan aldım. Aptekdən mənə bildirdilər ki, reseptdə qeyd olunan dərman preparatları firma dərmanlardır. Bunları digər dərmanlarla da əvəz etmək mümkündür”.
Namiq Hüseynov bu cür düşünən tək insan deyil. Məsələ ilə bağlı fikrini öyrəndiyimiz paytaxt sakinləri arasında da narazılıqlarını dilə gətirənlər tapıldı.
Əczaçı Təranə Rzayeva isə tələbatın əvvəlki illərlə müqayisədə dəyişdiyini deyir:
“Əvvəllər bahalı firma dərmanları yazılan reseptlərlə aptekə müraciət edən xəstələr daha çox idisə, indi bu hal daha az müşahidə olunur”.
Tanınmış həkim, ekspert Adil Qeybulla yaranmış problemdə öz həmkarlarını da qismən qınadı. Onun fikirincə, problem qanunvericilik və proqram səviyyəsində kökündən çözülməlidir:
“Ümumiyyətlə ölkəmizdə tərkibi eyni olan müxtəlif dövlətlərin istehsalı olan dərman var. Həkimlər gərək bunu nəzərə alsın və daha ücuz – keyfiyyət parametri eyni olan dərmanları xəstələrə təyin etsinlər”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, prezident İlham Əliyevin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında imzaladığı sərəncamla bağlı tapşırığın həyata keçirilməsilə məşğuldurlar. Problemin köklü həlli üçün qanunvericilik səviyyəsində dəyişikliklərə ehtiyac var.
Xatırladaq ki, prezident İlham Əliyev son müşavirələrin birində dərman preparatlarının qiymətinə də toxunub.
Prezident “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında sərəncam imzalayıb:
“Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürür”.
mənbə :
anspress