04:54 xeber – Türkiyədə koalisiya hökumətinin qurulması üçün müzakirələr başlayıb və AKP bu istiqamətdə fəaliyyətlərini davam etdirir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, müzakirələrdən nəticə əldə olunaraq hökumət qurulsa yeni hökumətə etimad səsverməsi üçün parlamentin iclası keçiriləcək.
Koalisiya görüşlərindən bir nəticə alınmasa yenidən seçki keçirilməsi üçün lazım olan 90 günlük vaxt başlayacaq. Parlament bu vaxta müdaxilə edərək 90 günü gözləmədən seçki tarixini erkən bir vaxtda da müəyyən edə bilər. Bunun üçün parlamentdə fövqəladə iclas keçirilərək “seçki qərarı” qəbul olunmalıdır.
Parlamentin fövqəladə iclasını konstitusiyanın 93-cü maddəsi nizamlayır. Bu maddəyə görə, məclis üzvlərinin ⅕-nin yazılı tələbi ilə parlamentdə fövqəladə iclas keçirilə bilər. Yəni, fövqəladə iclasın təşkili üçün 110 millət vəkilinin imzası kifayətdir. Belə bir iclasın təşkili zamanı isə sadəcə müəyyən olunan mövzular müzakirə oluna bilər.
AKP tətil başlamadan əvvəl seçki tarixini fərqli bir gündə müəyyən etmək, və ya azlıq hökuməti kimi bir variantla ilə seçkiyə getmək ehtimalına qarşı parlamentdə fövqəladə iclas keçirmək üçün millət vəkillərindən lazım olan imzanı toplayıb. Ehtiyac olacağı təqdirdə bu imzaların vasitəsilə parlamentin fövqəladə iclası təşkil olunacaq.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.
Türkiyədə koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək.
mənbə :
anspress