02:52 xeber – “CHP ilə az da olsa bir koalisiya hökuməti qurmaq ehtimalı var.” Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri AKP sədrinin müavini Mehmet Əli Şahin deyib. 45 gün ərzində hökumət qurulmasa və ya qurulub etimad səsverməsindən keçməsə prezident parlament spikeri ilə danışaraq yenidən seçki keçirilməsinə qərar verə biləcəyini xatırladan Şahin Türkiyənin bu nöqtəyə gəlməsini arzu etmədiklərini deyib.
“Türkiyənin bu nöqtəyə gəlməsi o qədər dəarzu olunan deyil. Amma hazırda sadəcə CHP ilə bir koalisiya hökuməti qurmaq ehtimalı az da olsa var.”
Bəzi partiyaların məsuliyyətdən qaçdıqlarını deyən Mehmet Əli Şahin AKP-nin böyük bir səmimiyyətlə ölkənin hökumətsiz qalmaması üçün səy göstərdiyini deyib:
“Parlamentdə qrupu olan bir siyasi partiyadır və vətəndaşlar da ona səs veriblər. nəzakət ziyarəti çərçivəsində onlarla da görüşdük. “Partiyanın mənfəəti, yoxsa ölkənin mənfəəti? Partiyam bu koalisiyada olsa bunun xeyrimi olar, yoxsa ziyanımı? Gələcək seçkidə koalisiyaya girməsəm üstünlüyüm olarmı?” İndi bunları fikirləşmək vaxtı deyil. Ölkə mənfəətlərini partiya mənfəətlərindən üstün tutmasaq bu ölkədə millətin verdiyi səslərə layiq olmarıq. Heç bir siyasi partiya və sədri, mən bu işdə yoxam – deyə bilməz. Əgərvəzifə və öhdəlik varsa mən qaçacağam deyə bilməz. Təəssüf ki, bəzi partiyalar bu cür rəftar nümayiş etdirirlər, məsuliyyətdən qaçırlar. Biz AKP olaraq böyük bir səmimiliklə, ölkə hökumətsiz qalmasın düşüncəsi ilə bir koalisiya hökuməti qurmaq üçün səy göstəririk. Ümid edirəm ki, koalisiya hökuməti qurmaq mümkün olacaq.”
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.
Türkiyədə koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək.
mənbə :
anspress