00:33 xeber – Adolf Hitlerin nümunə götürdüyü XIX əsr filosofu Fridrix Nitsşenin Yunanıstan üçün böyük əhəmiyyət daşıyan referendum ərəfəsində “ortaya çıxması”, yəqin ki, gözlənilməz idi. Ancaq bəli, Nitsşe maliyyə yardımını qəbul etməsi üçün Yunanıstana son dəfə müraciət edən Almaniya Kansleri Angela Merkelin sözlərində gizli idi: “Yaxşı avropalı nə bahasına olursa-olsun uzlaşma yolu axtaran yox, Avropa İttifaqının yazılı qanunlarına hörmət göstərən və bu yolla avrozonanın stabilliyinin saxlanılmasına köməklik göstərəndir.”
Bu sözlərdən bir neçə gün sonra Nitsşenin təsiri yenidən, “New York Times” qəzetinin icmalçısı Pol Kruqmanın yazısında özünü göstərdi. Belə ki, Kruqman referendum nəticələrinin maliyyə yardımına “yox” deyildiyini göstərdikdən sonra yunanları əmin etmək üçün yazırdı ki, avrozonadan çıxmağı seçsələr də, bu onların “pis avropalı” olduqları mənasına gəlməyəcək.
Ola bilsin ki, Merkel və Kruqman, eləcə də, 2012-ci ildə Avropa İttifaqında büdcə razılaşması üçün gedən danışıqlar təxirə salındıqdan sonra Merkeli “yaxşı avropalı” olmamaqda ittiham edən Britaniya Baş Naziri Devid Kemeron da Nitsşedən sitat gətirdiklərini bilmirdilər. Bəlkə də, Fransanın xaricdə beynəlxalq qurumlarda maraqları ilə ölkə daxilində millətçilik arasında effektiv şəkildə balans yaratmaq istəyən Fransua Olandın “yaxşı avropalı” olub-olmadığını müzakirə edənlər də bu qədər çox işlətdikləri terminin hardan gəldiyini bilmirlər. Bütün bu insanlar onları belə bir birləşmə ilə təmin etdiyinə görə Nitsşeyə təşəkkür edə bilərlər.
“Pis avropalı” adlandırılan Almaniya Kansleri Angela Merkel
Nitsşenin yaratdığı “yaxşı avropalı” anlayışının mənşəyi hələ alman milləti və mədəniyyətinin başlanğıcına – XIX əsrə gedib çıxır. Sonradan Adolf Hitlerlə əlaqələndirilməsinə baxmayaraq, Almaniyanın xaricə dönük olmasını təbliğ edən ilk insanlardan biri olan Nitsşe Avropanın ənənələrindən ən yaxşılarını cəlb etmişdir. Ölkəsini ələ almaqla hədələyən millətçiliyin ilkin formasını görən Nitsşe təşvişə düşdüyünə görə, almanların mərkəzçilik ideyasına qarşı yaxşı avropalı ideyasını irəli sürdü: Nitsşe üçün yaxşı avropalı demək siyasi cəhətdən məsuliyyətli və Avropanı dünyada öz layiqli yerini tutmağa yönəldən kosmopolit ziyalı olmaq demək idi.
Bugün isə bu anlayışın, sözsüz ki, geniş və şərhə açıq olan, lakin xüsusi bir fəlsəfi düşüncəyə əsaslanan ilkin mənası təhrif edilib və ümumiyyətlə itib. Bu yaxşı avropalı ideyası o qədər qarışdırılıb ki, həm sərt qənaət tədbirlərini dəstəkləyənlər, həm də bu tədbirləri qınayanlar tərəfindən istifadə olunur. Nitsşenin dürüst Avropa vətəndaşı ilə bağlı ilkin düşüncəsinin necə unudulması qismən Almaniyanın XX əsr boyu inkişaf etməkdə olan imperiyadan diktatorluğa, daha sonra da demokratik bir super gücə çevrilməsini əks etdirir, bu anlayışa sahiblik uğrunda gedən rəqabət Avropanın XXI əsr taleyinin necə olacağı ilə bağlı bir-birindən fərqli fikirləri göstərir.
Tarixçilər çox vaxt qeyd edirlər ki, Almaniya “gecikmiş” bir ölkə olub, uzunsürən və iki rəqib alman mədəniyyətini yetişdirən XIX əsrdən sonra Prussiyanın 1871-ci ildə Fransa üzərində qələbə qazanmasının ardından yaranıb. Bu mədəniyyətlərdən birincisi Göte və Şiller kimi dahi klassik şairlərin əsərlərində öz əksini tapan kosmopolit, humanist ənənəni əhatə etmiş, Napoleonun işğalı ilə canlanan ikincisi isə köklərini qan və torpaq, millətçilik ideyalarından götürmüşdü.
Prussiya Krallığının ərazisi
XX əsrdə sonradan baş verən hadisələr çox vaxt əvvəlki hadisələri xatırlamağımıza mane olur. Ancaq həmin vaxt mədəni cəhətdən parlaq olan Almaniya XIX əsr boyu 10 minə yaxın amerikalını bu yeni ölkədə təhsil almağa təşviq edəcək qədər öndə idi.
Nitsşe öz adına ikinci Almaniyaya və onun millətçilik ideyasına ehtiyatlı yanaşırdı. Millətçiliyi “əsrin xəstəliyi” adlandıran Nitsşe bu xəstəliyin əsas əlaməti olaraq gördüyü meşşanlığın müalicəsi kimi yaxşı avropalı ideyasını irəli sürdü.
Nitsşe ümumavropa vətəndaşı ideyasını təbliğ etmək üçün olduqca uyğun idi. Hərtərəfli intellekt sahibi olan Nitsşe düşünürdü ki, Almaniya mədəniyyətini məhvə aparan amillərdən biri həddən artıq ixtisaslaşmadır. Əvvəlcə “Schulpforta” Gimnaziyası, sonra isə Bonn Universitetində təhsil alan gənc tələbə tarix boyu Bibliyada yazılanların şərhinə əsaslanan filologiya fənninə estetika, musiqi və mədəni sahələri gətirərək keçilən fənlərin sərhədlərini aşdı. Nitsşenin hamıya məlum olan zəkası ona 24 yaşında Basel Universitetində müəllimlik adı qazandırdı.
Məşhur XIX əsr filosofu Fridrix Nitsşe
Nitsşe elə vaxtından əvvəl sanki ümumavropa vətəndaşı idi. Baseldə işə başlayacağına görə Almaniya vətəndaşlığından çıxan və İsveçrə vətəndaşlığı üçün də şərtləri heç vaxt yerinə yetirməyən Nitsşe 1880-ci illəri kiçik bir çanta və az bir əşya ilə Alp dağları və Fransa, Almaniya və İtaliyanın müxtəlif şəhərləri arasında səyahət edərək keçirdi. Nitsşenin 1896-cı ildə çıxmış və geniş ilham mənbələri olan “Xeyir və Şərin O Tayında” (ing. “Beyond Good and Evil” ) və “İnsanca, Çox İnsanca” (ing. “Human, All Too Human” ) adlı kitabları onun kosmopolit varlığın nəticəsinə bağlı idi. Qarşılıqsız bir sevgi, millətçi bəstəkar Rixard Vaqnerlə arasının pozulması və müasir alman mədəniyyətinin yönəldiyi istiqamətlə bağlı ümidlərinin boşa çıxması – bütün bunların hamısı yeni dəyərlərin yaradılmasını dəstəkləməsinin nəticəsi idi.
Filosof hər iki əsərində millətçiliyi, militarizmi və antisemitizmi pisləyir və bu qüvvələrə qarşı yaxşı avropalı ideyasını təbliğ edir. Əlbəttə, biz də zəif olduğumuz anları unuda bilərik, Nitsşenin də “Xeyir və Şərin O Tayında” adlı kitabında etiraf etdiyi kimi: “Biz ‘yaxşı avropalılar’ da vətənpərvərlik hissinin bizi ələ keçirməsinə, köhnə sevgi və dar düşüncələrə qayıtmağa imkan verdiyimiz vaxtlar olur.”
Bütün Avropanı gəzib-dolaşan Nitsşeyə sonradan nasistlər “heç kimi olmayan intellektual”, müharibədən sonrakı dövrdə isə diplomatlar “vətənsiz insan” adı verdilər. O, çox güman ki, hər iki xarakteristikanı qəbul edər və ingilis, fransız və almanların şovinizmini tənqid etməyə davam edərdi. Nitsşenin etdiyi səyahətlər onda digər mədəniyyətlərə qarşı o qədər hörmət hissi aşılamışdı ki, “dilimizi öyrənən xaricilərə kömək etməyimizi və azad düşüncəli insanların bütün yaxşı şeyləri əldə etmələrini təmin etmək üçün daha yaxşı yazan və düşünənlərin” əsl sənətkar olduğunu, sənətkarların Vaqner kimiləri yox, Göte kimiləri nümunə götürmələri lazım olduğunu düşünürdü.
Nitsşe kitablarını nəşr etdirdikdən üç il sonra zehni yorğunluğa məğlub oldu, səbəb isə ya davamlı xəstəlik, ya müharibədən qalma yara, ya da ürək ağrısı idi. Anasının ölümündən sonra o və mirası fürsətçi bacısı ilə onun yəhudilərə düşmən olan ərinin himayəsi altında qaldı.
Nitsşenin bioqrafiyasını yazan və filosofu nasizm pəncəsindən qurtarmaq üçün səy göstərən Uolter Kaufman Nitsşenin ilkin yaxşı avropalı anlayışında təcəssüm olunan kosmopolit alman ənənəsindən yararlanmadığına görə XIX əsr fəlsəfəsini yox, 1920-ci illərin Almaniyasını qınayır. Almaniyanın 1919-1933-cü illər arasında uğursuz demokratiya təcrübəsi olan Veymar Respublikasında da, heç şübhəsiz, “digər Almaniyanı” təbliğ edən və hətta Nitsşenin yaratdığı birləşmədən istifadə edənlər var idi. Tarixçi Ebi Varburq (Aby Warburg ) fənlərarası və milli sərhədləri keçməkdə Nitsşeni izlədi. O və Vyanadakı həmkarı Ziqmund Freyd intellektual layihələrini siyasiləşdirməyə çalışmırdılar. Ancaq başqaları onlar üçün bunu edir və getdikcə onlara Almaniyanı “kosmopolit”, “xarici” və ya “yəhudi” kimi Avropanın intellektual ənənəsinə salmağa çalışdıqları ilə bağlı şər də atırdılar. Digər tərəfdən, 1930-1940-cı illərin sağçı millətçiləri daha əvvəlki alman humanistlərinin intellektual irslərini yenidən kəşf etməyə başladılar. Kosmopolit utopiya xəyalı quran Fixte Almaniyanın indiki dövrdə hakim rolunu yaradan mərhum millətçinin kölgəsində qaldı; azadlığı dəstəkləyən Hegel “dövləti” təbliğ edən versiya ilə əhatələndi və hətta ilk Millətlər Liqasından xəbər verən Kant sadəcə yüksək təbəqələrə tabeliyi dəstəkləyən bir filosof kimi göstərildi. “Digər” alman ənənəsi 1933-1945-ci illəri əhatə edən qaranlıq dövrdə qayıtdı.
Bu, Avropa, xüsusilə də, Almaniya tərəfdən 1945-ci ildən sonra Almaniyanın kosmopolit intellektual ənənəsinin, bununla da yaxşı avropalı ideyasının canlandırılmasına istək və həvəs olduğunu göstərir. Ümumavropa abu-havasının yarandığı yeni şəraitdə Almaniyaya yol göstərən insan ləyaqəti və əbədi sülh ideyalarının müəllifi Kantın fikirləri qayıtdı. Bethovenin doqquzuncu simfoniyasının Şillerin “Şadlığa Mədhiyyə” əsəri ilə birlikdə yeni Avropanın musiqili himni olması təklif edildi. 1949-cu ildə isə Götenin 200-cü il dönümü münasibətilə bütün Avropada mühazirələr və tədbirlər keçirildi. Kosmopolit Almaniya geri qayıtdı.
AFR-in birinci federal kansleri Konrad Adenauer (1949—1963).
Buna baxmayaraq, bu yeni dövrdə yaxşı avropalı anlayışı özünü tam doğrultmadı. 1950-ci illərdə ümumavropa hərbi müdafiə qüvvəsi yaradacaq Avropa Müdafiə Birliyi üçün gedən danışıqlar uğursuz oldu. “Time” jurnalında çıxan nekroloqda “yaxşı avropalı” adlandırılan Almaniya Kansleri Konrad Adenauer ümidlərini Avropanın siyasi və hərbi inteqrasiyasına bağlamışdı və nəticə onu məyus etdi. Ancaq Almaniyanın Adenauerdən sonra kansler vəzifəsinə gələcək iqtisadiyyat naziri Lüdviq Erhard Almaniya hökuməti tərəfindən nəşr edilən bülletendə bu sualı qoydu: “Yaxşı avropalı kimdir?” O deyirdi ki, bir qitənin vətəndaşları ümumi razılıq əldə edərək çoxtərəfli ticarəti asanlaşdıran və firavanlığa aparan yanaşmalar və daha mülayim yolla bu statusu əldə edə bilərlər.
Ancaq 1951-ci ildə əsası qoyulan və Avropa İttifaqının sələfi olan Avropa Kömür və Polad Birliyi Erhardın nəzərdə tutduğu “yumşaq” avropalılıq deyildi. Ancaq bunun ardından çox keçmədən 1959-cu ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təsis edildi. Bu qurumun ilk lideri belçikalı Pol-Henri Spaak da müasirləri tərəfindən “yaxşı avropalı” adlandırıldı.
Nitsşe və onun gətirdiyi anlayışın dərk edilməsi heç də bugün avrozonanı narahat edən məsələləri həll etmir. Yaxşı avropalı olmaq nə deməkdir?: bir xalq üçün nə qədər problem yaradır yaratsın, fövqəlmilli bir təşkilatın şərtlərinə tabe olmaq, yoxsa təşkilat üçün necə problem olur-olsun həmin insanlara qarşı mərhəmətli olmaq? Bu sualların cavabı isə Nitsşedə deyil.
1896-cı ildə “Avropanın demokratikləşdirilməsi eyni zamanda tiranların yetişdirilməsi üçün qeyri-ixtiyari olaraq şərait yaradır” deyə yazan filosof demokratiya tərəfdarı deyildi. Bəlkə də, bugün Avropa İttifaqının düşdüyü çətin vəziyyəti görsəydi, haqlı olduğunu düşünərdi.
mənbə :
anspress