23:36 xeber – Xaçmaz kənd sakinlərinin, daimi məşğuliyyət növü olan şaftalı meyvəsinin istehsalında bu il azalma müşahidə olunur.
Xaçmazın Nərəcan kənd sakini Həmzə Xəlilov fərdi meyvəçiliklə məşğul olur. O, bu il qeyri-sabit hava şəraiti və suvarma suyunun çatışmaması səbəbindən şaftalı bağlarında bol məhsul olmadığını deyir.
Əldə etdikləri məhsulu isə kəndlilər elə sahədə topdan satış qiymətlərlə satmağa məcburdur. Çünki, həm məhsul azdır, həm də Bakı və Rusiya bazarlarına meyvə aparmaq baha başa gəlir.
“Həmişə 100 ədəd yeşik şaftalı yığırdıqsa, indi 10-15 yeşik ancaq yığa bilirik. Çünki, bağlarda meyvə çox azdı. Şaftalını elə burada 60-70 qəpikdən satırıq, bazara aparmırıq”, – deyə bağban Şəmsəddin Xəlilov bildirib.
“Bu il bağlarda meyvə çox azdı. Əvvəllər hər ağacdan gündə 200-300 kq şaftalı yığırdıqsa, indi 20-50 kq ancaq yığırıq. Şaftalının bir yeşiyini isə 5-10 manata satırıq. Əgər meyvə iri olsa, yaxşı qiymətə satırıq”, – deyə bağban Araz Süleymanov qeyd edib.
Topdan satış qiymətlərdən fərqli olaraq yol kənarında şaftalının qiyməti xeyli bahadı. Burada şaftalının bir kiloqramının qiyməti 1 manatdan 1 manat 50 qəpiyə qədər dəyişir.
Satıcı Məhəmməd Babayev hesab edir ki, burada qiymətlər münasibdir, bağlarda yayılan xəstəlik səbəbindən bu il şaftalı az olub.
Hazırda şaftalı yığımı davam edir.
Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 16 min hektara yaxın meyvə bağı mövcudur ki, onlardan 2200 hektarı şaftalı bağı təşkil edir.
Hesablamaya əsasən bu günə qədər 7 ton məhsul yığılıb. Bu da ötən illə müqayisəd xeyli azdı. İcradan o da bildirildi ki, məhsulun bazar qiyməti sərbəst tənzimlənir, qiymətlərə heç bir müdaxilə edilmir.
mənbə :
anspress