14:13 xeber – Bakıda ticarət mərkəzlərinin birində satıcı ilə alıcı arasında dil üstündə düşən mübahisə son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib.
Əslində, bu Azərbaycanda baş verən ilk belə hal deyil. Bundan əvvəl də digər böyük mağazalar şəbəkələrində də rus dilini bilməyən müştərilərə “göz ucu” baxıblar. Sadəcə, bu dəfə problemin daha qabarıq şəkildə üzə çıxmasına səbəb satış obyektinin meneceri Dariya Paulevskayanın alıcı ilə əmranə şəkildə rus dilində danışması tələbi olub.
Mən inanmıram ki, həmin mağazalar şəbəkəsinin rəhbərliyi Azərbaycanı sevməsin. Amma çox təəssüf ki, apardığı kadr siyasəti ilə, nəyin ki, mağazalarında qeyri-professional xidmət göstərir, eyni zamanda bu şirkət Azərbaycan vətəndaşlarına hörmətsiz yanaşır. Çünki Dariya kimi kadrların dilimizə, xalqımıza etdiyi hörmətsizliyin kökündə məhz şirkət rəhbərliyinin xarici dili bilməyən vətəndaşlara diqqətsiz yanaşması durur. Belə çıxır ki, şirkət rəhbəri öz maddi marağı naminə mənəvi dəyərləri unudur.
Məsələ ilə bağlı həmin şirkətin rəhbərliyinə müraciət etdik. Amma təəssüf ki, onlardan heç bir cavab ala bilmədik. Lakin, müəssənin digər yerli mətbuat orqanlarına verdiyi açıqlamada deyilir ki, artıq menecer Darya Paulevskaya töhmət verilib və yaxın günlərdə xanımla bağlı ciddi tədbir görüləcək.
Hadisə ilə bağlı millət vəkili Nizami Cəfərov deyir ki, bu məsələdə satıcıların, menecerlərin heç bir günahı yoxdur. O, günahı həmin obyektlərin sahiblərində görür. “Əgər şirkət rəhbərləri bu qədər laqeyd olmasaydılar, bu cür hallara da rast gəlinməzdi”. Nizami müəllimin sözlərinə qanunvericilikdə mağazalarda alınan geyimin, kafe və restoranlarda verilən qidaların, həmçinin, xidmətin keyfiyyəti ilə yanaşı, bu ictimai iaşə obyektlərində Azərbaycan dilindən istifadə olunması da qeyd olunan əsas məqamlardan biridir.
Nizami Cəfərov – millət vəkili
Amma bizdən fərqli olaraq xarici ölkələrdə bu cür məqamlara çox nadir hallarda rast gəlmək olar. Bizim xidmətimizlə xarici ölkələrin xidməti müqayisəyə belə gəlməz. Bu ayrı bir mövzudur. Bu gün, sadəcə, xidmətdə dilimizin işlədilməsi problemini qabarmaq niyyətindəyəm. Baxın, siz əgər Fransadasınızsa, fransızdan ingilis dilində nəsə bir söz soruşsanız, sizə çətinliklə cavab verər. Çünki onlar xaricilərin belə fransız dilində danışmasını tələb edirlər. Baxmayaraq ki, ingilis dili beynəlxalq dildir. Onda, nəyə görə Azərbaycanda yaşaya-yaşaya biz işçini rus, ingilis dili bilməsə işə götürmürük, hələ üstəlik ondan iş vaxtı yalnız xarici dildə danışmağı tələb edirik? Düzdür, xarici dili bilmək də vacibdir, amma xaricilərlə ünsiyyət qurmaq üçün.
Sizi əmin edirəm ki, Dariya Paulevskaya bu addımı başqa heç bir başqa ölkədə ata bilməzdi. Bu da onun yox, bizim günahımızdır. Çünki biz həmişə xaricilərə qibtə edirik, öz vətəndaşlarımızdansa, onları işə götürməyi daha üstün tuturuq.
Satış obyekti
Əslində, Azərbaycan dilinin pozulması prinsipi son zamanlar danışıqda deyil, elə yazılarda da müşahidə olunur. Özü də əcnəbilər tərəfindən deyil, bəzən öz vətəndaşlarımız tərəfindən. Yeni istifadəyə verilən metro kartlarından bunu daha aydın görmək olar.
Bakı kartın üzərinə yazılan yazılar
“Bakıkart”ın üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. “Alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.
Bununla bağlı “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətindən açıqlama verilərək bildirilib ki, səhv yazıdan xəbərləri var və yeni hazırlanan kartlarda belə səhvlərə yol verilməyəcək.
Təbii ki, belə səhvlər zəngin Azərbaycan dilinin yeni nəslə səhv şəkildə çatdırılmasına şərait yaradır. Nəzərə alsaq ki, artıq bu kartlardan kifayət qədər satılıb.
Ona görə də ilk növbədə özümüz dilimizi qorumalıyıq ki, xaricilər də təhrif etməsinlər.
mənbə :
anspress