15:25 xeber – Almaniyanın “Charite” xəstəxanasının həkimi, professor Kristian Uitt hüquq müdafiəçisi Leyla Yunusu müayinə edəndən sonra o, təcridxananın tibb məntəqəsinə köçürülüb.
Azadlıq.az xəbər verir ki, anspress-in Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, Leyla Yunus müalicəsini hazırda tibb məntəqəsində davam etdirir. Bu haqda vəkil Elçin Qəmbərov məlumat verib.
Vəkil avqustun 18-də Leya Yunusla görüşdüyünü, onun əhval-ruhiyyəsinin yaxşı olduğunu deyib: “Məhkəmənin hökmü ilə bağlı deyir ki, gözlənilməz bir şey baş verməyib, nə gözləyirdiksə, o da oldu.”
Professor Kristian Uitt MTN təcridxanasında Leyla Yunusun əri, politoloq Arif Yunusu da müayinə edib.
Vəkil hazırda müdafiə tərəfinin apellyasiya şikayəti üzərində işlədiyini də bildirib.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar məhkəmənin hökmündən sonra Leyla və Arif Yunusları dərhal azad etməyə çağırıb.
mənbə :
anspress