22.08.2015 / 04:08 xeber –
İraqda ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs məhv edilib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ağ Ev İŞİD rəhbərliyində “iki nömrəli” şəxs sayılan Hacı Mutazın avqustun 18-də İraq ərazisində məhv edildiyini təsdiqləyib.
“İŞİD terror qruplaşmasının rəhbərliyində “iki nömrəli” şəxs sayılan, daha çox Hacı Mutaz adı ilə tanınan Fadhil Əhməd əl Xəyali avqustun 18-də İraqın Mosul şəhəri yaxınlığında avtomobildə hərəkətdə olarkən ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib”, deyə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays bildirib.
Onun sözlərinə görə, Əl Xəyali ilə birlikdə İŞİD-də KİV-lərlə əlaqələrə cavabdeh olan Əbu Abdullah məhv edilib.
Ned Prays əlavə edib ki, Əl Xəyali İŞİD-də “baş əlaqələndirici” vəzifəsini icra edib. O İraq və Suriya arasında silah-sursat, nəqliyyat vasitələri və canlı qüvvənin daşınmasına cavabdehlik daşıyıb: “O İŞİD-in hər iki ölkədə əməliyyatların keçirilməsinə nəzarət edib, son iki ildə isə, əsasən, İraqdakı əməliyyatlara rəhbərlik edib. İŞİD-in 2014-cü ildə Mosula hücumunun planlaşdırılmasında əsas rol oynayıb”.
Əl Xəyalinin, həmçinin, “Əl Qaidə” terror təşkilatının üzvü olduğu bildirilir.
Ağ Ev İŞİD-in maliyyə və loqistika məsələlərinə görə cavabdeh olan Əl Xəyalinin ölümünün İŞİD-in əməliyyatlarına mənfi təsir göstərəcəyinə əmindir.
Ned Prays Əl Xəyalinin İŞİD başçısı Əbu Bəkr əl Bağdadinin baş müavini olduğunu qeyd edib.
mənbə :
lent.az