17:15 xeber – Cavid Hüseynov barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz oluna bilər.
Bunu ANS PRESS-ə açıqlamasında “Qəbələ” futbol klubunun keçmiş kapitanının vəkili Adəm Məmmədov bildirib.
Hüquqşünasın sözlərinə görə, futbolçunun ev dustaqlığına buraxılması üçün Səbail rayon Məhkəməsinə vəsatətlə müraciət edilib.
“Məhkəmə ya sabah, yada o biri gün bu vəsatəti dəyərləndirəcək və məsələyə hüquqi qiymət veriləcək” – deyə A. Məmmədov bildirib.
Vəkil C. Hüseynovun Kürdaxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığını, vəziyyətinin normal olduğunu bildirdi.
Adəm Məmmədov- Cavid Hüseynovun vəkili
“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində avqustun 11-də həbs edilib.
Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən, dalağı dağıdılan, ağciyəri əzilən jurnalist 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və orada dünyasını dəyişmişdi.
Keçmiş kapitanın həbsindən üç gün sonra həbs qəti-imkan tədbirinə verilmiş apellyasiya şikayəti təmin olunmamış, məhkəmə futbolçunun apelyasiya şikayətinə əsas görməmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı birgə bəyanat vermişdi.
Həmin bəyanatda bildirilir:
“Avqustun 8-də saat 18:00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Ölən jurnalist Rasim Əliyev nişanlısı ilə
mənbə :
anspress