15 Fevral, 2020 10:36 xeber – “Keşlə”nin moldovalı qapıçısı Stanislav Namaşkonun Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” ilə keçirəcəkləri oyunundan əvvəl “Report”a müsahibəsi
– Ötən tur gözlənilmədən doğma meydanda “Səbail”ə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbini necə izah edə bilərsiniz?
– Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki məğlub olacağımızı özümüz də gözləmirdik. Amma artıq həmin oyun geridə qaldı. Bütün diqqətimizi qarşıdakı matçlara yönəltməliyik.
– Həmin məğlubiyyətdən sonra komandada ab-hava necədir: Futbolçularda hər hansı ruh düşkünlüyü müşahidə olunmur?
– Xeyr, ruh düşkünlüyü yoxdur. Atmosfer normaldır. Kollektivdə işgüzar mühit hökm sürür.
– Bu tur “Keşlə”ni Premyer Liqada “Neftçi” ilə vacib qarşılaşma gözləyir. Paytaxt derbisinə hazırlıqlar necə gedir?
– Digər oyunlara necə hazırlaşmışıqsa, bu görüşə də eyni ciddiyətlə yanaşırıq. Çünki bizim üçün hər bir oyun vacibdir. Məşqlərimizi edirik.
– “Keşlə” cari mövsüm “Neftçi”yə uduzmayıb. Necə düşünürsünüz, uğurlu seriyanı bu dəfə də davam etdirmək mümkün olacaq?
– Futbolda istənilən nəticə qeydə alına bilər. Paytaxt derbisində də hər şey mümkündür. Bu mövsüm “Neftçi”yə qarşı məğlubiyyətsiz oyunlar seriyası pozula da bilər, uzana da.
– Hazırkı durumda ikinci yer uğrunda mübarizə aparan komandaların dueli nə vəd edir?
– Hər iki komanda meydana qələbə üçün çıxacaq. Kimdə alınıb-alınmayacağını bazar günü keçiriləcək oyundan sonra biləcəyik.
– “Keşlə” ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz: Azərbaycanda, daha dəqiqi, hazırkı komandanızda qalmaq istəyirsiniz?
– Bura çox xoşuma gəlir, qalmaq istəyərəm. Məşqçilər korpusu ilə yaxşı münasibətim var.
– Mövsümün əvvəlində sabit oyun göstərirsiniz. Sizi niyə Moldova millisinə çağırmırlar?
– Milli komanda ilə bağlı məsələyə heç bir izahım yoxdur. Çünki bu sualın cavabını, yığmaya niyə çağırılmadığımı özüm də bilmirəm.
mənbə :
Report.az