18.11.2015 / 04:42 xeber –
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçirilmiş Azərbaycan – Moldova matçından sonra (2:1) milli komandamızın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamalar verib. Apasport.az saytının əməkdaşının da suallarını cavablandıran müdafiəçi bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
– Oyun haqqında fikirləriniz maraqlıdı…
– Bu gün çox maraqlı oyun izlədik. Arada 5-10 dəqiqə oyunumuzu itirdik, ancaq ümumi götürəndə 90 dəqiqə ərzində uşaqlar yaxşı oynadılar. Çoxsaylı qol epizodları oldu, hamısından istifadə edə bilməsək də, əsas odu ki, qələbə qazandıq. Ümidverici oyun idi.
– Zədənizin vəziyyəti nə yerdədi?
– Zədəm elədi ki, birinci dərəcəli yırtıqdı. Həkimlərlə birlikdə çalışırıq ki, mümkün qədər tez sağalsın. Hər gün səhərdən axşama kimi həkimlərin yanında oluram. Nə zaman tam hazır olacağımı zaman göstərəcək.
– Fərdi məşqlərə başlamısanmı?
– Sabahdan başlayıb, ilk olaraq, gündə 10-12 dəqiqə yüngül məşqlər edəcəm.
– Yığma karyeranla bağlı nə deyə bilərsən?
– Qəti fikir deyildi, ancaq düşünürdüm ki, həm özüm üçün, həm də yığma üçün milli karyeramı bitirmək daha yaxşı olar. Ancaq Prosineçki ilə 3 dəfə görüşümüz oldu, son görüşdən sonra qərara gəldim ki, yığmadakı karyerama davam edim.
– Nə vaxta qədər davam edəcəksən?
– Komandaya nə qədər lazım olacağımı zaman göstərəcək. Bir oyun, beş oyun, bir tsikl bunu gələcəkdə biləcəyik. Əlimdən gələni edirəm ki, əsas komandada oynamağa layiq olum. Nə vaxt hiss eləsəm ki, buna layiq deyiləm, o zaman artıq oynamayacam.
– 2015-ci il milli üçün necə keçdi?
– Bu ili uğurlu qeyd eləyərdim. Çünki ötən il bizim üçün çox uğursuz olmuşdu, ondan sonra komandaya yeni baş məşqçi gəldi. Vaxt çox az olsa da, qısa müddətdə komandanı toparlaya bildi. Oyun fəlsəfəsini də dəyişdi. Bu gün də gördük ki, meydanda hücum edən, kombinasiyalı hücumlar təşkil edən milli komanda var. Çox sevindirici haldı. Bu il bircə Bolqarıstanla səfər matçında istədiyimiz oyunu oynaya bilmədik. Qalan digər oyunlarda, hətta İtaliya ilə məğlub olduğumuz qarşılaşmada da yaxşı oyun nümayiş etdirə bilmişdik.
– Növbəti tsikl haqqında nə düşünürsünüz?
– Növbəti tsikl üçün çox ümidliyik. Baş məşqçimiz də bizə çox inanır. Mənimlə söhbətlərdə də çox inamlı danışırdı. Komandanın oyunçularını da çox ruhlandırır. Əlimizdən gələni edəcəyik ki, DÇ-2018-in seçmə mərhələsi bizim üçün maraqlı keçsin.
mənbə :
lent.az