17:52 xeber – “Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Hərbi Hava Qüvvələrinin növbəti aviabazasında yeni yaşayış binalarının açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Onun sözlərinə görə, ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. “Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və Prezidentin etimadını doğruldacaq”.
Nazir yeni mənzillərdə hərbçilərə xoşbəxtlik və firavanlıq arzulayıb.
İlin sonunadək beş və yaxın müddətdə daha beş yaşayış binası hərbi qulluqçuların istifadəsinə veriləcək.
Aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.
Ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Ərazidə yarımstansiya, su anbarı tikilib. Binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Yaşayış kompleksinin ərazisində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
O, deyib ki, son iki ay ərzində artıq beşinci binadır ki, inşa edilərək istismara verilir. O cümlədən elə sizin də hərbi hissədə daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcəklər. Bundan əlavə, hazırkı vaxta kimi 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub.
Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcək. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaq.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin rəhbər heyəti yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət ediblər.
mənbə :
anspress