03.03.2015 / 13:04 xeber –
Şərif Ağayar
Bu gün Beynəlxalq Yazıçılar Günüdür… 1921-ci ildən qeyd olunur… 1923-cü ildə London PEN-klubunun ilk beynəlxalq konqresi keçirilib.
Kimdir yazıçı? Nədir ədəbiyyat?
Zaman-zaman bu suallar ətrafında çox baş sındırılıb. Öz dövründə qiymət almayan, hətta daş-qalaq edilən qələm adamları olub ki, az keçməmiş nəinki öz vətəni, hətta bütün bəşəriyyətin qürur yeri olub.
Markes deyirdi ki, ədəbiyyat olmasa dünyada heç nə dəyişməzdi. Sizcə belədirmi? Sizcə “Don Kixot”, “Hamlet”, “Səfillər”, “Karamazov qardaşları” kimi şedevrlərin insanlığa heçmi töhfəsi olmayıb? Şəxsən mən belə düşünmürəm.
Bəs görün Dostoyevski necə düşünür? Biz tanrının qarşısına “Don Kixot” əsəriylə çıxa bilərik – dünyada boş-boş işlərlə uğraşmadıq, belə bir düha yaratdıq deyə…
Nədir ədəbiyyatdakı bu əlçatmazlıq?
Dünyanın heç bir kino ulduzu, rəssamı və musiqiçisi Homerin, Dantenin, Nizaminin məqamına qalxa bilmədi. Füzulinin təqaüdünü kəsən məmurların adı heç yerdə yoxdur, ancaq onun hər misrası, hər sözü, hər obrazı, hər fikri yaşamaqda davam edir.
Bax elə o ədəbiyyatı polis qədər əhəmiyyətli hesab edən Markesin özünə Hollivud prodakşnları “Yüzillik yalnızlıq”ı filmləşdirmək üçün illərlə yalvarmadılarmı? Qədəmlərinə milyonlar sərmədilərmi? Yazıçı yenə razılaşmadı, əsərimin sirrini-sehrini pozarsınız dedi.
Bu gün orda-burda boş-boş vətən-millət deyə nitq irad edən vətənşüvənərin topası Orxan Pamukun bir cümləsinə dəymir. Bəlkə elə, dünyanın ən böyük vətənpərvərliyi dünyanın ən böyük SÖZ mükafatını doğulduğun torpağa gətirmək, öz ana dilini yazdığı əsərlərlə dünyanın ən yüksək standartlarına cavab verəcək səviyyəyə qaldırmaqdır?
Əhməd Cəmil bircə şeirlər (“Can nənə bir nağıl de”) ədəbiyyat tarixinə əbədi həkk olunub.
Səməd Vurğunu nə qədər oda atsalar da, “Azərbaycan”, “Ceyran”, “Mən tələsmirəm” şeirləri ordan sağ-salamat çıxır.
Mikayıl Müşfiqi hər gün güllələmək, Hüseyn Cavidi hər gün sürgünə yollamaq, Əli Kərimi hər gün acından və səfalətdən öldürmək olar, ancaq onların sözünə, misrasına Stalin kimi müstəbidlərin belə gücü çatmadı və çatmayacaq.
Nədir bu güc?
Nədir bu sehr?
Cavabı dində axtarmaqdan başqa əlac qalmır bəzən…
Söz ağzın sirridr. Sirri-dəhandır. Yoxdan var olandır. Allah “Kun” deyib yaratdığı kimi, yazıçılar da nəsə deyib yaradır və bu yaradılış Allahı imitasiya etdiyi üçün ölmür, itmir, məhv olmur.
Əvvəl də söz idi, sonra da söz olacaq…
İslam düz deyir…
Markes dez demir…
Markesin düz demədiyini hər şeydən əvvəl öz yazdıqları inkar edir.
Bizdən sabaha nə qalacaq?
Bizdən sabaha qalanlar içərisində sözdən dəyərli nə olacaq?
Şəxsən mən HEÇ NƏ deyirəm.
Çünki yüz illərin o üzündən bizə qalanların da içində sözdən dəyərli bir şey olmadı.
Nəsimin beytlərinin üstündən neçə imperiyalar yarandı-dağıldı.
Çox çaylar axdı-duruldu…
Yenə təp-təzə qaldı SÖZ!
Tanrı, şəxsən mənim qafamda daha çox SÖZlə, ƏDƏBİYYATla assosiasiya olunur.
SÖZə inananlar, KULİS oxucuları, bayramınız mübarək!
Mənbə : Lent.az