03.03.2015 / 15:10 xeber –
“Ömrü boyu düşünmüşəm bunu, plastmas tarı”
Elə əhvalatlar var ki, absurd məqamlarına, tragikomik xarakterinə görə, onları publisist janrın çərçivələrinə sığdırmaq olmur. Bəlkə indi oxuyacağınız əhvalat Məhəmmədhəsən əminin hekayəsi kimidir. Ya da “Leviafan” kimi bir film…
Danışanda bunu qoyub o birinə keçən, yaşı 60-dan artıq – bəlkə də daha azdır, amma problemlər bu adamı yükləyib – bir kişi təsəvvür edin. Bu adamın – Səbuhi Abdullayevin balaca bir plastmas sexi var imiş – plastmas detalların təkrar emalı sexi. Bir gün ağlına bir fikir gəlir: gəlsənə, 30 illik ağacdan düzələn bahalı tar-kamanın yerinə, ağaca qəsd etmədən, 50 manata başa gələn, eyni səsi də çıxaran plastmas tarlar, kamançalar düzəldək – “uçebniy tar”.
Bu fikirlə Səbuhi Abdullayev Mədəniyyət və Turizm Nazirliyinə üz tutur. Dediyinə görə, onun bu fikrinə müsbət rəy verirlər. O da ideyasına inanıb, nazirliyə güvənib başlayır işə. İlk növbədə evini girov qoyub, bankdan kredit çəkir ki, gedib lazımi dəzgahları, qəlibləri alsın. Edir də, alır da. Amma tək dəzgahla olan iş deyil bu, ağzında istehsal deyirsən. Böyük pullar gərəkdir. böyük pullarla ideyanı gerçək etmək üçün Səbuhi Abdullayevə Mədəniyyət və Turizm Nazirliyinin zəmanət məktubu gərək olur. Amma məmurlar “bu gün-sabah” deyə-deyə onu avara edirlər. Bir gün bank borclarını ödəyə bilmədiyi üçün onun evini çıxarır hərraca. Əcəbdir, burada qanuna zidd heç nə yoxdur. İş orasındadır ki, vətəndaşın “Əhmədli” metrosu yaxınlığındakı Məzahir Rüstəmov küçəsi, ev 2, mənzil 68-də yerləşən 3 otaqlı evini ötən il özündən xəbərsiz hərrac düzəldib satırlar; həm də neçəyə olsa yaxşıdır: 35 min dollara. Bank 20 min manatını alandan sonra hərrac xərclərini də çıxıb Səbuhi Abdullayevə 11 min dollar verib.
Amma bütün bu baş verənlər onu arzusundan bir anlıq da əl çəkməyə məcbur edə bilməyib.
Ekranın (manşetin) şərtləri – ikibaşlı, üçayaqlı…
“Ömrü boyu düşünmüşəm bunu. Plastmasdan tar. Həm ucuz başa gəlir, həm də ağacların qırılmasının qarşısı alına. Axı alternativ material bizi ekoloji fəlakətdən də qurtarar. İranda beləsi var – Şiraz tarı. Çanağı plastmasdan. Ondan birini gətirtdim. Yaxşıdır, dedilər, xoşlarına gəldi. Dedilər, Azərbaycan tarı lazımdır bizə. Özümə əmin olmaq üçün qəlib gətirtdim.
İlkin mərhələ üçün İran Milli Bankından evimi girov qoymaqla 20 min manat kredit götürdüm. 20 minə zavod açmaq olmaz, bilirsiniz. Bu pula dəzgahlar alıb, bir tar nümunəsi düzəltdim. Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri baxdılar. Rəy verib bəyəndilər. Mənə sonrakı mərhələdə işi davam etdirmək üçün əlavə pul lazım idi. Nazirlikdən İqtisadi İnkişaf Nazirliyinə yazılmış zəmanət kağızı istəyirdim ki, aşağı faizlə kredit alıb istehsala başlayım. Axı indi bankların verdiyi faizlə – 26 faizlə heç alver də etmək mümkün deyil. Həm də mənim aldığım avadanlıq ilk gündən fayda vermir. İqtisadi İnkişaf Nazirliyində belə güzəştlər mümkündür. Amma, bala, insanlar o qədər sənədə uyublar ki, adamın danışdığına qiymət vermirlər, sizdən uzaq. Həm də hər yerdə nəsə umurlar. Mən də demişəm, bu işi görürəmsə, heç kimə nəsə verməyəcəm”.
Yəqin bu yerdə ayıq-sayıq oxucular nəfəs dərəcək, “rəhmətliyin oğlu…” deyib köks ötürəcəklər. Amma Səbuhi Abdullayev Məhəmmədhəsən əmi kimi ədalət axtarmağa davam edir.
“…Televiziyalara da getdim ki, mənə söz versinlər, amma olmadı. Axırda dedim ki, sizə altıayaqlı buzovlar, ikibaşlı ördəklər-zad lazımdır ki, göstərəsiniz, siz məni göstərməzsiniz.
Gedib Şuşanın İcra başçısı Bayram müəllimlə, Səyavuş Kərimi ilə də görüşmüşəm. Hamı yer təklif edir. Mən öz işimi öz yerimdə görmək istəyirəm. Çünki, adamlara inanmıram. Sabah biri qapını bağladı nə edə biləcəm? Böyük dəzgahlardı, özümün də yerim var. Yer mənim nəyimə lazımdır?
Qaldı bu qədər tara ehtiyac yoxdur deyənlərə… Bu il iki min tar istehsal etdin, rentabelli olmaq üçün heç gələn il lazım deyilsə, heç istehsal etmə. Azərbaycanda 237 musiqi məktəbi, 62 mədəniyyət şöbəsi var. İstehsalçı məgər işini bilmir? Heç kim də uşağını tar məktəbinə qoyanda gedib qonşudan tar almır. Məktəbə qoyanda mütləq uşağa tar alınır. Buna elə böyük maliyyə də lazım deyil…”
Məhkəmə karuseli
Mən dövlətin məmurlarına güvənib bu işi başlamışam. Bu yandan da banka ödəniş edə bilmədiyim üçün məni məhkəməyə verdi. Qərəz, evi qanunsuzluq edərək məndən gizli şəkildə hərraca qoyublar, 35 min dollara satıblar. Nərimanov məhkəməsinə müraciət etdim – məhkəmə qərar çıxardı ki, hərrac düzgün keçirilməyib – mən iştirak etməmişəm, pul qaytarılmalıdır. Bank təzədən apelyasiya məhkəməsinə verdi, apelyasiya məhkəməsində mən uduzdum. Müəyyən vaxt var ki, o müddət bitəndən sonra yenidən məhkəməyə müraciət edə bilməzsən. Deməli, bunlar qərarın mənə təqdim etməsini gecikdirirlər ki, Ali məhkəməyə müraciət edə bilməyim. Ən axırıncı gün Ali Məhkəməyə məktub yazdım. Başınızı ağrıtmayım, Ali Məhkəmə də bunların xeyrinə qərar çıxardı. Qərarın əslini və altı ay gecikdirilməsinin səbəbini izahatını istədim. Həmin vaxtda da ali məhkəmənin yanında zibillikdə bir qalaq qərar gördüm. Birini götürdüm, gördüm, elə bil mənim əhvalatımdır – bir məhkəmə belə qərar çıxarır, apelyasiya onu ləğv edir, o biri də birincini təsdiq edir. Tazıya qaç deyirlər, dovşana tut. Onlar üçün insan taleyi heç nədir…”
Başa düşən başa düşür…
“2012-ci ildə 40 günə 30 min suvenir tar düzəldə bilərəm deyə müvafiq qurumlara müraciət etdim. Bilirsiniz, “Eurovicion” müsabiqəsində Bakıya 25 min qonaq gəlməli idi. Bu suvenir tarların içindəki mikrosxemdə Araşın tarda çaldığı melodiya olacaqdı. Çünki bu, Avropada tanınır. Bu nümunəni də düzəltdim – gözəl də alınmışdı. Amma suveniri düzəltmək üçün mənə ilkin ödəniş lazım idi, 210 min manat pul edir. Bu pulla krediti də qaytarardım, tar işini də yoluna qoyardım. Hər yerdən Mədəniyyət və Turizm Nazirliyinə yönəltdilər müraciətləri, onları da heç soruşmasaz yaxşıdı: “Bu məsələyə baxıldı, yaxşı fikirdir, biz özümüz də bunu etmək istəyirdik və s.”. Amma nəticə yox. Bu məsələ də alınmadı…
…Biz vətəni evimizin içində görürük, başqa yerdə yox. Bir maşın batsa heç kim onu itələməyəcək – Əli elə biləcək Vəli eləməlidir, Vəli elə biləcək Əli… Mən heç kimi qınamıram. Axundovun bütün məktublarını oxudum, gördüm ki, bu adamın ömrü əziyyətdir… O boyda işıqlı adamı – Axundovu 4 nəfər adam aparıb dəfn etdi – mən kiməm ki?”
Mənbə : Lent.az