03.03.2015 15:14 xeber –
Amerika İsrail İctimai Əlaqələr Komitəsinin təşkilatçılığı ilə Vaşinqtonda “Yeni Alyans: İsrail və Qafqaz regionu” mözvusunda tədbir keçirilib.
ANS TV-nin məluamtına görə, müzakirələrdə Azərbaycanın ABŞ-dakı səfiri, Birləşmiş Ştatlarda yaşayan nüfuzlu yəhudilər və amerikalı siyasətçilər iştirak edib. Çıxış edənlər son illərdə İsrailin Azərbaycanla əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini vurğulayıblar.
İsrailin öz qonşuları ilə yanaşı, Qafqaz regionuna marağının artdığı da vurğulanıb. Çıxış edənlər Azərbaycanın coğrafi mövqeyinə görə güclü dövlətlərin diqqət mərkəzində olduğunu bildiriblər. O da qeyd olunub ki, Azərbaycan Qərblə pis münasibətdə olan Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olduğu üçün də əhəmiyət kəsb edir.
Müzakirələrdə bildirilib ki, İsraillə Azərbaycan hərbi, iqtisadi, təhlükəsizlik və bir çox sahələrdə əməkdaşlıq edir. İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir.
İsrail Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Ekspert Avinoam İdan iki ölkənin qarşılıqlı strateji maraqlarının olduğunu qeyd edib. “Azərbaycanın xüsusi yerləşmə mövqeyi İsrailin marağındadır. Qərb və Şərq arsında tranzit qapısı rolunu daşıyır. İsrail yalnız qonşu dəvlətlərlə əməkdaşlığa istiqamətlənməməlidir. Digər regionlara da diqqət ayırmalıdır və Azərbaycan ən önəmli ölkələrdən biridir. Azərbaycanda İsrail icması var və İsraildə də azərbaycanlılar yaşayır. İki millət bir-biri ilə həmişə dost münasibətində olub. Bu isə iki ölkə arasındakı xüsusi münasibətlərdən biridir. İsrail və Azərbaycanın bir-birini başa düşməsi üçün çox oxşarlıqlar var”.
Mənbə : Anspress.com