04.03.2015 07:35 xeber –
Bakı 2015 Avropa Oyunlarına yaxınlaşdığımız ərəfədə Türkiyə komandası Misirdə keçirilən Karate Premyer Liqa yarışlarında beş qızıl medal qazanıb.
ANS PRESS-in məlumatına görə, türkiyəli karateçilər 2015-ci il Avropa Çempionatından cəmi üç həftə əvvəl Şarm Əl Şeyxdə keçirilən Premyer Liqa yarışlarında ümumilikdə 12 medal qazanıblar. Türkiyədə keçiriləcək Avropa Çempionatında Bakı 2015 Avropa Oyunlarında çıxış etmək üçün vəsiqə qazanmaq imkanı olacaq. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.
İkiqat Avropa çempionu və 2012-ci il dünyanın bürünc medalçısı Serap Özçelik qadınlar arasında 50 kq kateqoriyada qələbə qazanıb, 2013-cü il Avropa çempionu Tuba Yenen Yakan isə Premyer Liqada 55 kq çəkidə ilk qələbəsini qazanıb.
Daha iki Türkiyəli qadın idmançı da Misirdə qızıl medal qazana biliblər. İkiqat Avropa çempionu və iki Dünya çempionatının medalçısı Hafsa Şeyda Burucu 68 kq çəkidə, gənclər arasında keçmiş dünya çempionu Meltem Hocaoğlu isə 68 kiloqramdan yuxarı çəkidə qələbə qazanıblar.
Kişilər arasında isə yalnız 2013-cü il Avropa çempionu Aykut Kaya 60 kq kateqoriyada qələbə qazana bilib.
Medal qazanan digər Türkiyə qadın idmançısı 61 kq çəkidə ikinci yerə çıxan Merve Çoban olub.
Türkiyənin kişi karateçiləri yarışları iki gümüş və dörd bürünc medalla başa vurublar.
Mehmet Yakan kata növündə, Ziya Yaşar isə 84 kq çəkidə ikinci yeri tutublar. Uğur Aktaş 84 kq çəkidə, Rivdan Kaptan və Dünya və Avropa çempionu Enes Erkan 84 kiloqramdan artıq çəkidə üçüncü olublar. Türkiyə komandası üçüncü bürünc medalını da kata növündə qazanıb.
Mənbə : Anspress.com