05.03.2015 01:25 xeber –
Xətai rayonunda iki qonşu şərikinə bir sayğacdan yararlanaraq işıqdan istifadə edib. Yaranan borc isə birini adına yazılıb. Ödənməyən borc müqabilində də iki ailə 15 gündür işiqsız qalıb.
Xətai rayonu, Naximov dənizçilik 15 ünvanının sakini Lalə Mustafayeva deyir ki, düz 15 gündən çoxdur ki, mənzilinə verilən elektrik xətti kəsilib. Daha doğrusu ərazi üzrə işıq idarəsinin əməkdaşları onun mənzilinə elektrik enerjisinin verilişini dayandırıblar. Səbəb kimi də o göstərilib ki, ev sahibinin işığa nə az, nə çox düz 450 manat borcu var. Müsahibimsə, bununla razılaşmır, aybaay elektrikə olan borcunu ödədiyini deyir. Elektrik sayğacına yazılan borcu isə qonşunun onun mənzilinə gələn işıq xəttindən istifadə etməsilə əlaqələndirir.
İmkansızlıq üzündən bu günə kimi mənzilinə işıq sayğacı qoydura bilməyən qonşu da faktı təsdiq etdi. Şəxsi səbəblərdən kamera qarşısına çıxmaq istəməyən xanım qonşunun xəttindən istifadə etdiyini etiraf etdi. Sayğacı olmadığından bütün məbləğin onun sayğacının üzərinə yazıldığını da bildirdi. Amma nə yazıq ki, imkanı olmadığından həmin məbləği ödəyə bilmirlər.
Məsələyə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev münasibət bildirdi: “Azərişıq” ASC tərəfindən buna müdaxilə olunmur. Onlar bununla bağlı abonent şöbəsinə müraciət etsinlər, məsələ araşdırılsın. Hər hada rəhbərlik də mövcud sosial vəziyyəti nəzərə alaraq məbləğın hissə-hissə ödənilməsinə imkan yaradılar”.
Hazırda mənzildə atasız böyüyən 4 körpənin olduğunu deyən müsahibimin digər bir narazılığı isə mənzilinə verilən qazın təzyiqinin azlığı ilə bağlıdır. Deyir elə ki, şaxta, çovğun oldu, güman qalır bu odun peçinə.
Lalə xanımın qazla bağlı problemini “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevə bildirdik. Qurum rəsmisi artıq əraziyə rayon QİS-nin əməkdaşlarını yollandığını bildirdi. Onu da əlavə etdi ki, ola bilsin qazın təziyiqinin azlığı mənzildaxili xəttdə yaranan hansısa poblemlə əlaqədardı.
“Hazırda əraziyə təbii qazın verlişində heç bir problem yoxdur. Əhali tələbata uyğun olaraq təbii qazla təmin olur. Əgər hər hansı bir mənzildə təbii qazın verlişilə bağlı problem varsa, yerli qaz istismar sahəsinə müraciət etsinlər. Məhz əməkdaşlarda həmin problemi tez bir zamanda aradan qaldırsın”.
Hər halda Lalə xanımın şikayəti aidiyyəti ünvanlara çatdı. Qurumların onun köməyinə çatıb-çatmadığnı isə zaman göstərəcək.
Mənbə : Anspress.com