05.03.2015 09:08 xeber –
“Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o cümlədən İtaliyaya nəql ediləcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirakı zamanı səsləndirib.
Birinci xanım daha sonra ölkələrimiz arasında qurulan əməkdaşlığın uğurla davam etdirilməsindən söz açıb:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub və onu uğurla inkişaf etdirir. Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən siyasi, iqtisadi, humanitar sahələri. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyalar fəaliyyət göstərir. İtaliya bu gün Azərbaycanın ən böyük tərəfdaşlarından biridir.”
O, İtaliyanın bir sıra böyük şirkətlərinin Azərbaycanda da fəaliyyət göstərdiyini qeyd edərək yaxın gələcəkdə Avropaya qaz nəqlinin mümkünlüyündən də danışıb: “Ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o cümlədən İtaliyaya nəql ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfə olacaq, eyni zamanda, İtaliya-Azərbaycan əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.”
Mənbə : Anspress.com