11:39 xeber – ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş haqqında söz açılan zaman Azərbaycan ictimaiyyəti bu, tamamilə qərəzli və ədalətsiz sənədin mahiyyətinə varmazdan əvvəl, ilk növbədə onun ABŞ-dakı erməni lobbisinin birbaşa təsiri altında qəbul edildiyini və Azərbaycanın düşmənlərinin baxışlarını əks etdirdiyini anladı. Əslində erməni təşkilatları da 907-ci düzəlişin məhz onların səylərinin nəticəsi olduğunu gizlətmədən, bu “nailiyyət” barədə çox böyük həvəslə danışır və ölkəmizə qarşı bu tipli aktların qəbulu üçün səylərini davam etdirirlər.
Ümumiyyətlə, erməni təşkilatlarının fəaliyyətləri Azərbaycanın Dağlıq Qarabaq regionu və hətta ətraf rayonların qanunsuz işğalına legitimlik qazandırmağa cəhd göstərməklə yetməyərək, daha geniş miqyasda Azərbaycanın dövlətçiliyinin mövcudluğunu hədəfə aldıgı acıq görünür. Bu mənada, beynəlxalq səviyyədə müxtəlif vasitələrlə Azərbaycan tarixinin saxtalaşdırılması ilə yanaşı, erməni təşkilatları müasir Azərbaycan Respublikasının dünya dövlətləri birliyində mövqeyinin zəiflədilməsi və ölkəmizin nüfuzuna xələl yetirilməsi məqsədilə hər iyrənc vasitəyə əl atmaqdadırlar.
Kris Smit – konqresmen
Son illər ərzində erməni lobbi təşkilatlarının anti-Azərbaycan arsenalında “demokratiya və insan hüquqları məsələləri” getdikcə qabarıq yer qazanmaqdadır. Vaşinqton başda olmaqla, Qərb paytaxtları və əlaqədar cəmiyyətlərdə demokratiya və insan hüquqlarına göstərilən həssas yanaşmadan maksimum şəkildə sui-istifadə etməyə çalışan erməni qruplar, iftira və qarayaxmaların dəstəyi ilə, Azərbaycan haqqında həqiqətdən uzaq bir təsəvvür yaratmağa səy göstərirlər.
Təəssüf ki, bu fəaliyyətlərində həmin təşkilatlar və onların havadarları ayrı-ayrı media qurumları və “insan hüquqları təşkilatlarının” yardımına da arxalanırlar. Əgər bu gün dünyada kütləvi insan tələfatına səbəb olan və ya yüz minlərlə əhalinin hüquqlarının pozuntusu ilə müşayiət olunan böhranlar fonunda hər hansı Qərb mətbu orqanı ayrıca canfəşanlıqla Azərbaycanı hədəfə alan məqalələr dərc edirsə, heç kəs şübhə etməməlidir ki, bu canfəşanlığın arxasında nə Azərbaycan xalqı üçün xüsusi sevgi, nə də ayrı-ayrı fərdlərin taleyinə göstərilən ürək ağrısı dayanır. Yeganə məqsəd müxtəlif mənbələrdən qaynaqlanan təhriklər altında ölkəmizə qara yaxmaqdır.
Eyni qəbildən olan sonuncu belə bir addım erməni havadarlarının sifarişi əsasında Nyu Cersi ştatından olan konqresmen Kris Smit tərəfindən atılıb. Dekabrın 16-da bu konqresmen Azərbaycana qarşı müəyyən sanksiyalar təklif edən bir qanun layihəsi irəli sürdü. ABŞ Konqresinin iş praktikasından yaxından xəbərdar olan müşahidəçilərin dediyi kimi, həmin təşəbbüsün ilk əvvəl ABŞ Konqresinin bütün qanunvericilik prosedurlarından keçməsi və daha sonra ABŞ Prezidenti tərəfindən imzalanması hələlik reallıqdan uzaq bir gözləntidir.
Azərbaycan xalqının məruz qaldığı erməni işğalı, haqları tapdalanmış məcburi köçkünlər və üzləşdiyi çoxsaylı təhdidlərə heç bir zaman məhəl qoymamış Kris Smitin, bəhs edilən qanun layihəsini irəli sürməkdə yeganə niyyəti, erməni lobbisi başda olmaqla, Azərbaycan düşmənlərinin dəyirmanına su tökməkdir.
Kris Smitin Azərbaycana qarşı erməni təşkilatların təsiri altında davrandığına zərrə qədər şübhə edənlərin isə Amerikanın Erməni Milli Komitəsi (AEMK) və digər erməni təşkilatların onun fəaliyyətinə verdiyi qiymətə nəzər salmaları kifayət edər. Məsələn, AEMK ABŞ Konqresində Ermənistan üzrə dostluq qrupunun üzvü olan Kris Smitin fəaliyyətini davamlı olaraq ən yüksək qiymətə (A+) layiq görür. Dekabrın 17-də AEMK öz “Twitter” ünvanında “Azərbaycana qarşı sanksiyalar irəli sürüldü” xəbərini böyük sevinclə bölüşdükdən dərhal sonra, bu “nailiyyətdə” pay sahibi olduğunu açıq şəkildə nümayiş etdirmək istəyib. Belə ki, elə həmin gün AEMK-in “Twitter” ünvanında yayılmış şəkildə bu təşkilatın sədri Ken Haçikyanın dekabrın 9-da, yəni Azərbaycana dair qanun layihəsinin irəli sürülməsindən düz bir həftə əvvəl, konqresmen Kris Smit ilə görüşərək, “Qafqazda sülh və demokratiyaya aparan yolları” mövzusunu müzakirə etdiyi barədə məlumat verilir. Növbəti cümlədə isə, AEMK-in icraçı direktoru Aram Hamparyan əlavə edir ki, bu görüşün məqsədi “Kris Smitin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda demokratiya üzrə işlərini dəstəkləmək” olub.
PHOTO: @ANCA_DC mtg w/ @RepChrisSmith's to support his work 4 #NKPeace+#AZDemocracy. #Armenia #Karabakh #Azerbaijan pic.twitter.com/ch25rPfRdd— Aram Hamparian (@ANCA_DC) 17 декабря 2015
Sual olunur – bütün səylərini Azərbaycan torpaqlarının qanunsuz işğalının müdafiəsinə yönəltmiş bir erməni lobbi təşkilatı hansı səbəbdən ABŞ konqresmeninin “Azərbaycanda demokratiya üzrə işlərinə” belə maraq və dəstək göstərir? Əlbəttə ki, AEMK-in birmənalı məqsədi insan hüquqları mövzusundan sui-istifadə etməklə, Azərbaycanın beynəlxalq nüfuzuna xələl yetirməkdir.
Digər tərəfdən, Kris Smitin bəhs etdiyi qanun layihəsinin irəli sürülməsi üçün seçilmiş vaxt da təsadüfi deyil. Əslində qanun layihəsinin təqdim edilməsindən əvvəlki həftələr və xüsusilə AEMK rəhbərliyinin konqresmen Smit ilə görüşdüyü 9 dekabr tarixi ABŞ Administrasiyası və eləcə də bir sıra Konqres üzvləri tərəfindən Leyla Yunusun həbs rejimindən azad edilməsi ilə əlaqədar verilmiş alqışlayıcı və müsbət bəyanatlarla yadda qalmışdı. Güman etmək olar ki, bu bəyanatlar daha çox Azərbaycan-ABŞ münasibətlərdə formalaşmaqda olan müsbət dinamikanın növbəti təzahürləri olub.
Təəssüfki, hadisələrin sonrakı günlərdə inkişafı ermənipərəst bir konqresmenin fərdi qaydada təklif etdiyi və qəbul edilməsi reallıqdan uzaq olan bir qanun layihəsi ilə Azərbaycan-ABŞ münasibətlərindəki müsbət dinamikaya xələl yetirmək iqtidarında olduğunu göstərdi. Halbuki bu birinci hal deyildi ki, erməni lobbi qrupları və onların havadarları “demokratiya və insan hüquqlarını” alət edərək, bir yandan, Azərbaycana qara yaxmağa, digər yandan isə, Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmağa cəhd edirlər. Çox uzağa getmədən, oktyabrın 28-də ABŞ Konqresinin binasında təşkil edilmiş “Azərbaycanda insan hüquqları: Seçki öncəsi vəziyyət” adlı brifinqi araşdırdıqda yenidən ön plana erməni lobbisinin himayəsində olan digər bir Konqres üzvü ön plana çıxmışdı. Bu dəfə anti-Azərbaycan tədbirini həyata keçirmək missiyası ABŞ Senatında Ermənistanın işğalçı siyasətinə bəraət qazandırmağa çalışanların önündə gələn və öz “sadiqliyinə” görə AEMK-dən ən yüksək A+ qiyməti alan İllinoyslu senator Mark Körkün üzərində düşmüşdü.
Ken Haçikyan – AEMK-in sədri
Təsadüfi deyildir ki, tamamilə qeyri-rəsmi xarakter daşıyan bu tədbirin “ABŞ Senatının dinləmələri” kimi qələmə verilməsi cəhdləri birinci növbədə erməni mediasından qaynaqlanırdı.
Görünən odur ki, ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan fəaliyyətlərində “insan hüquqları” mövzusundan getdikcə daha fəal və açıq şəkildə istifadə etməyə can atır. Öncələr əsasən “Azərbaycanda insan hüquqları problemlərini” sosial şəbəkələrdə saxta ünvanlar və ya mediada muzdlu jurnalistlər vasitəsilə qabartmağa çalışan erməni təşkilatları və onların havadarları həmin fəaliyyətlərlə artıq kifayətlənməyərək, ictimai tədbirlər təşkil etmək və ya o cümlədən,qanun layihəsinin irəli sürülməsinə də çalışırlar.
Güman etmək olar ki, ABŞ-dakı erməni lobbisi rəmzi xarakterini qoruyub saxlamaqla yanaşı, əslində Azərbaycan-ABŞ münasibətlərində praktiki əhəmiyyətini itirməkdə olan üzüqara 907-ci düzəlişi, ilk növbədə Azərbaycana və eləcə də iki ölkə arasında əməkdaşlığa qarşı daha təsirli bir vasitə ilə əvəz etməyi özünə məqsəd kimi müəyyən edib.
Belə bir şəraitdə gözləmək olar ki, ABŞ milli maraqlarına məhəl qoymayaraq, növbəti seçkilərdə erməni təşkilatlarından daha çox maliyyə dəstəyi almaq xətrinə, onların sifarişlərini canla-başla icra etməyə hazır olacaq hələ çox Kris Smitlər orta çıxacaq.
Azərbaycan ictimaiyyəti müəyyən maraqlı dairələrin təsiri altında Kris Smitin qanun layihəsi ətrafında qızışdırılan fərziyə və spekulasiyalara uymadan, Azərbaycan əleyhinə yönəlmiş bu təşəbbüsün arxasında hansı qüvvələrin dayandığı və onun hansı niyyətlərə xidmət etdiyini sayıqla qiymətləndirməlidir. Və mənə elə gəlirki bu barədə danşanlar onsuzda zədələnən Amerika-Azərbaycan münasibətlərinə zərbə vurmadan, əsl qüvvələri müəyyənləsdirib onlara qarşı dayanmalədərlar.
mənbə :
anspress