06.03.2015 / 05:37 xeber –
Binəqədi rayonu Xocasəndən Mehdiabada, Dərnəgüldən Novxanıyadək böyük ərazini əhatə edir. Son illərdə bu rayonda müşahidə olunan böyük canlanma və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb.
Binəsinə qədim, özünə müasir deyə biləcəyimiz Binəqədi son illərdə abadlıq-quruculuq işləri ilə bir çox rayonlardan seçilir. Təkcə nümunəvi “Təmiz Binəqədi” layihəsi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bu işə nə qədər önəm verməsindən və dəyərli ideyaları dəstəkləməsindən xəbər verir. Bəs “Təmiz Binəqədi” nədir, nə deməkdir və özündə hansı fəaliyyətləri birləşdirir?
Avropa Olimpiya Komitəsi Baş Assambleyasının qərarı ilə 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə verildi. Ona görə də 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edildi. Geridə qalan aylar ərzində respublikamızda Avropa Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görüldü, bir çox olimpiya obyektləri tikilib istifadəyə verildi. Bəzi obyektlərdə isə tikinti və tamamlama işləri sürətlə davam etdirilir. Avropa Oyunlarına öz töhfəsini vermək məqsədi ilə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək məqsədi ilə 1 iyul 2014-cü ildən etibarən rayon ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanıldı.
Elə iyulun 5-də “Təmiz Binəqədi” layihəsinin təqdimatı keçirildi. Tədbir çərçivəsində 9-cu mikrorayondakı Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı oldu. “Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir” şüarı altında keçirilən saysız-hesabsız tədbirləri, aksiyaları bəyənməmək mümkün də deyil. Özəl sektora aid obyektlər arasında hər qəsəbə üzrə “Ən təmiz obyekt”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb” və “Ən təmiz fərdi ev” adı altında keçirilən stimullaşdırıcı müsabiqələr bu işə əlavə çalar qatdı. Hətta iş o yerə çatdı ki, bir sıra bəzi rayonlar Binəqədidən nümunə götürərək oxşar layihələrə start verdilər. İsmayıllı Rayon İcra Hakimiyyəti Binəqədi rayonunda həyata keçirilən “Təmiz Binəqədi” layihəsinə qoşularaq “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlaması bunlardan biridir.
9 aya yaxındır davam edən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər, aksiyalar o qədər çoxdur ki, bu işlər o qədər insanın həyatına-məişətinə təsir göstərib ki, bunları bir yazıya cəmləmək sadəcə mümkün deyil. Görülən işlər və bu işlərin bəhrəsi göz önündədir. Amma bu qısa müddətə, ümumiyyətlə 2-3 ilə belə böyük bir rayonun illərdən bəri yığılıb qalan və məmur-vətəndaş altşüuru ilə fiksə olunmuş “daşlaşmış” problemləri əritmək olarmı? Birmənalı şəkildə YOX, XEYR! Bu iş illər tələb edir və insan-mədəniyyət, vətən-vətəndaşlıq, nəhayət problem-həll anlayışlarının oturuşması nəticəsində mümkündür və mümkün olacaq.
Bu gün Binəqədi rayonunda xeyli sosial-infrastruktur problemlər mövcuddur. Bunlardan ikisi qloballığı ilə digərlərini qabaqlayır. Birincisi, rayonda Dövlət Neft Şirkətinin ərazisində qanunsuz və ya məmur səhlənkarlığı ucbatından tikilmiş yüzlərlə evlər. İkincisi isə rayon icra başçısı Xaləddin İsgəndərovon da böyük bir problem kimi həllini qarşıya qoyduğu su-kanalizasiya məsələsi. Belə deyək, Binəqədidə “Təmiz Binəqədi” layihəsi çərçivəsində nə qədər təqdirəlayiq işlər görülübsə, nə qədər ağac əkilibsə, nə qədər ailə, nə qədər insan bu işə qoşulubsa-maariflənibsə, Binəqədidə bir o qədər kanalizasiya problemi, küçələrdə bir o qədər gölməçə, neft şirkətinin ərazisində bir o qədər qanunsuz ev var. Yəni nə qədər iş görülürsə bir o qədər, problem də var. Məşhur bir deyim ki, “Nə qədər oxuyuramsa, bir o qədər də çox şeyi oxumadığımı öyrənirəm”.
Binəqədidə artıq mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Demək olar ki, bu rayonda qanunsuz ev tikilmir. Amma su-kanalizasiya məsələsi açıq olaraq qalır. Rayonun kanalizasiya sistemi bərbad vəziyyətdədir və heç bir orqanın qarşısında yağış və ya qarın yağmaması ilə bağlı tələb qoymaq da demək olar ki, qeyri mümkündür. Belədə bir çıxış yolu var. Bu işin üstünə tez düşüb rayonun kanalizasiya problemini tədricən həll etmək.
Payız-qış-bahar mövsümündə elə bir yağıntılı gün yoxdur ki, ondan sonra Binəqədidə gölməçəyə dönmüş küçələr, su basmış evlərin fotoları saytların səhifələrini “bəzəməsin”.
Bu gün Binəqədinin 75 faizə yaxın hissəsi fasiləsiz olaraq içməli su ilə təmin olunur. Bu qədər ərazidə normal kanalizasiya olsaydı, saytlara, qəzetlərə də bu qədər şikayətlər daxil olmazdı.
Binəqədinin bir sıra hissələrində böyük içməli su boruları evlərin arasından, hətta bəzi yerlərdə həyətindən və ya altından keçir. Əslində isə, bu evlər böyük səhlənkarlıq ucbatından məhz həmin boruların mühafizə zolağında inşa olunub.
Hazırda Binəqədinin kanalizasiya dərdini nisbətən yüngülləşdirəcək Xocasən-Binəqədi-Xırdalan tunel layihəsinin icrası davam etdirilir. Xocasəndən Xırdalan, Qafqaz Universiteti, Binəqədi rayonundakı Poladtökmə Zavodunun yanına kimi bu tunel uzanacaq. İşlər tam başa çatanda bu şəbəkə kənd Binəqədinin də yağış və çirkab sularını götürəcək, Lökbatan qəsəbəsi yaxınlığında inşa olunan çirkab sutəmizləyici qurğuya axıdacaq. Artıq ötən ildən tikinti işlərinə başlanılıb. Xocəsən-Sulutəpə istiqamətində tunelin tikintisi yekunlaşmaq üzrədir. Növbəti mərhələdə biz ikiqollu tunel açacağıq. Bu qolların biri Xırdalan, digəri Binəqədi istiqamətinə gedəcək. Layihə tam yekunlaşandan sonra bütün problemlər də öz həllini tapacaq. Bizim planlarımıza görə, qarşıdakı 2 il ərzində bütün bu proseslər yekunlaşmalıdır.
Yaxın gələcəkdə təmizliyi ilə seçilən və bu adı qoruyub saxlamaqda iddialı olan Binəqədi kanalizasiya problemini də həll etməklə nümunəvilik mövqeyinin daha da möhkəmləndirəcək. Daha sakinlər evlərini basmış kanalizasiya sularının yaratdığı təhlükəni, avtomobillərinin küçələrdəki gölməçələrə düşmək qayğısını bir xatirə kimi yada salacaqlar. “Bir vaxtlar Binəqədidə küçələri su basardı, amma Xaləddin müəllim sağ olsun, o gələndən sonra bizim rayonda çox işlər gördü, yollar da düzəlib, kanalizasiya da öz axarıynan gedir, təmizlənir…” Yəqin ki yaxın gələcəkdə belə olacaq.
Bu yazı “Təmiz Binəqədi” layihəsinin icrası, görülən işlərlə bağlı hazırlanmalı idi əslində. Amma görülən işlər artıq geridə qalıb və irəli baxmaq lazımdır. Görülən işlərə görə ideya müəllifinə, işi təşkil edib həyata keçirənlərin hər birinə təşəkkür düşür və digər rayonların bu layihədən nümunə götürməsi layihənin əsl uğurudur.
“Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” dür
Nizam Rza, Səbuhi Məmmədli
Mənbə : Lent.az