28.04.2016 / 14:34 xeber –
Nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa seçkilərdə hansı partiyalar iştirak edəcək?
Lent.az-ın əməkdaşı bununla bağlı partiyalarla əlaqə saxlayıb.
Müsavat Partiyasının başqanın müavini Elman Fəttah ləğv olunan dairədən namizəd verməyəcəklərini bildirib: “Partiya 2015-ci il seçkilərini boykot edib. Buna görə, namizəd verməyəcəyik”.
Vətəndaş Həmrəyliyi Partiyasının seçki qərargahının rəhbəri Samir Əsədli də bildirib ki, ləğv olunan dairə üzrə namizəd irəli sürüməyəcəklər.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli açıqlamasında nə partiyanın nə də təmsil olunduqları Milli Şuranın ləğv olunan dairə üzrə seçkilərdə iştirak etməyəcəklərini deyib.
Azərbaycan Demokratlar Partiyası(ADP) sədri Sərdar Cəlaloğlu da açıqlamasında partiya olaraq da, şəxsən özü də seçkidə iştirak etməyəcəyini bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli təkrar seçkilərdə iştirakla bağlı qərar qəbul etmədiklərini, idarə heyətinin toplantısında bu mövzunun müzakirəyə çıxartmadıqları deyib.
Böyük Qurtuluş Partiyası ( BQP) Ali Məclisinin sədri Əjdər Əliyev bildirib ki, hal-hazırda yekun qərar yoxdur və böyük ehtimal var ki, həmin dairə üzrə seçkidə iştirak etməyəcəyik.
Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsindən hakim partiya rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyini irəli sürüb. Bundan başqa Ümid Partiyasının sədri Lent.az-a açıqlamasında həmin dairədən namizəd olduğu qeyd edib.
Real hərəkatının həbsdə olan sədri İlqar Məmmədov da nəticələri ləğv edilən dairədən namizəd olacağını deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası da (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.
Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
mənbə :
lent.az