20 İyun 02:42
xeber – Aksiyanın gedişatında ABŞ və İran bayraqları yandırılıb.
Pakistanda ABŞ-ın dronlarla həyata keçirdiyi hava əməliyyatlarına etiraz olaraq yüzlərlə insan Kəraçi şəhərinə toplaşıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Aksiya Difai-Pakistan Şurası partiyası tərəfindən təşkil olunub. Etirazçılar ABŞ, Hindistan, Əfqanıstan və İran hökümətlərinin yürütdüyü siyasətə qarşı şüarlar səsləndirib, aksiyanın gedişatında ABŞ və İran bayraqları yandırılıb.
Etirazçılar Pakistan ordusundan ölkənin düşmənlərinə qarşı ölçülər götürməyə çağırıb. ABŞ Pakistanın hava məkanında yüzdən çox dron hücumu həyata keçirib.
“Bugünki etiraz vətəndaşları oyatmaq və düşmənləri ilə tanış etmək məqsədi daşıyır. İnsanlar düşmənlərini tanımalı və ayıq-sayıq olmalıdır. Bizim Pakistan ordusundan və digər dövlət orqanlarından tələbimiz, Pakistan düşmənlərinə qarşı qəti ölçülərin götürülməsidir. İnşallah xalq sizə dəstək olacaq”, – Əhli-Sünnəti-Vəl-Cəmaat hərəkatının nümayəndəsi Rəb Nəvaz Hənfi deyib.
May ayında belə dron zərbələrindən birində Taliban Hərəkatının Əfqanıstan üzrə lideri Molla Əxtar Mansur həlak olmuşdu. Etirazçılar drondan endirilən raket zərbələri nəticəsində dinc sakinlər də həlak olduğunu iddia edir və ABŞ-ın hava əməliyyatlarını ölkənin suverenliyinin pozulması kimi dəyərləndirir.
Vaşinqton dron hücumlarının Pakistanın nəzarət edə bilmədiyi və ya nəzarət etmək istəmədiyi döyüşçü qruplaşmalara qarşı mübarizə üçün vacib olduğunu və hava hücumlarının rəsmi İslamabadla əlaqələndirildiyini bildirir.
mənbə :
anspress