20.06.2016 / 18:38 xeber –
Bir yeniyetmənin ictimai yerdə öz hisslərini sərbəst buraxması cəmiyyətin, yaxud onun müəyyən bir kəsiminin psixoloji durumunu, dünya görüşünü aydın şəkildə ortaya qoya bilir.
Nəinki ortaya qoyur, hətta maraqlı, psixoloji situasiya yaradır:
Hamı arzuladığı, amma ağlından keçirmədiyi, yaxud keçirdiyi, amma cəsarət etmədiyi halda bir qız özündə təpər tapıb gözlənilmədən səhnəyə qalxır, öz sevimli müğənnisinə sarılıb, xoşbəxt olur. Nəticədə az qala hamı bədbəxt olur (qeybətcil yəni). Bu hadisəni görən də, görməyən də, lap elə eşidən də başlayır o qızın ən yaxşı halda qeybətini eləməyə, ən pis halda edamına hökm verməyə. İttihamın əsas motivi də nə olsa yaxşıdı? Hə, təəssüf ki, hə: əxlaq. Yəni əxlaqsızlıqda ittiham edirlər qızı.
Əslində əxlaqsızlıq bir qızın səhnəyə qalxıb öz kumirinin boynuna sarılması deyil. Əxlaqsızlıq indicə içdiyin suyun şüşəsini, pivənin bankasını, yediyin dondurmanın kağızını, çeynədiyin saqqızı, çəkdiyin siqareti zibil qutusuna yox, küçəyə atmaqdır. Yəni ən böyük əxlaqsızlıq, ən xırda öhdəlikləri, ən adi qaydaları yerinə yetirməməkdir. Yetiririkmi?
Əminəm ki, o qız Enrikedən avtoqraf almaq üçün səhnəyə hicabla qalxıb, müğənniyə əlcəklə salam versəydi və üzünü onun təmasından kənara çəksəydi, hamı “səviyyəsiz, bizi biabır elədi!” – deyəcəkdi. Yəni məsələ qızın səhnəyə qalxıb müğənniyə necə sarılmasında deyil, əslində. Məsələ qeyrətdən danışmaq, qeybət eləmək, əxlaqlı görünmək üçün ələ fürsət düşməsindədir.
Qızcığazın hərəkətinə qızların, qadınların reaksiyası da maraqlıdır. Bir toplum olaraq hələ ki, Azərbaycanda əksər halda qadınlar bu dünyaya nələrsə arzulamaq üçün gəlirlər. Yəni doğulurlar, böyüyürlər, özlərini təsdiqləmək üçün müəyyən xəyallar qururlar, sonra ərə gedib sadəcə nələrsə arzulamaqla ömür sürürlər. Belə bir mühitdə arzusunu gerçəkləşdirməyə özündə cəsarət tapmış bir qızı qadınların da qınamaları heç yaxşı deyil.
Daxili azadlıq, qadın azadlığı, gender bərabərliyi və s. haqqında danışanlara hər gün, hər addımda rast gəlirik. Ancaq günlərin bir günü səhnədə belə bir hadisə yaşananda məlum olur ki, Azərbaycanda çoxlarının daxili azadlıq haqqında düşüncəsi bir qızın azadlığına nifrət edəcək qədər bəsitdi…
Mən bütün bunları o qızı müdafiə etmək üçün yazmıram. Sözün düzü, hətta düşünürəm ki, o qızın nə bu yazı, nə də haqqında danışanlar heç umrunda da deyil. Səbəbini izah etmək üçün o qızın hadisəsini məişət səviyyəsinə endirib, təxmini bir misal çəkirəm:
Xeyli ac, xeyli də şıltaq bir qızcığazın (yaxud oğlanın) qarşısına gözləmədiyi halda ən sevimli yeməyini qoyurlar. O da heç kimə fikir vermədən, sevincdən gözləri parıldayaraq, həvəslə, tələsik basıb yeyir həmin yeməyi. Kənardan çaşmış halda bu səhnəni seyr edənlər udquna-udquna, həsəd qarışıq nifrətlə o qızcığazı "səviyyəsiz", "görməmiş" və s. adlandırırlar. Qızınsa bu an heç kim vecinə deyil. Yeyir, üstündən bir fincan da sərin su içib çıxır eyvana, oturub dənizə baxır, dincəlir. Hərdən də üzündə xoş bir təbəssüm yaranır və ardınca qeyri-ixtiyarı içindən bir səs keçir: Ay Allah, necə dadlı idi…!
O qıza qarşı çıxanlar, baxın, siz təxminən belə bir hadisəni qınayırsınız. Axı niyə? Bəlkə fantaziyanızı işə salıb hadisəyə o qızcığazın tərəfindən baxmağa cəhd edəsiniz. Şəxsən mən etdim. Etdim və o qızın səhnəyə çıxıb Enrikeyə sarılıncayadək keçirdiyi həyəcanı duydum. Gənc bir qızcığazın ürəyini partladacaq qədər güclü həyəcan var əslində bu hadisədə. Təsəvvür edirsiniz, hamı müğənnini dinləyir, şənlənir, amma o qız yox. O, plan qurur, necə etsin ki, kütlə ilə, tamaşaçı ilə davranış qaydalarını elə də yaxşı bilməyən mühafizəçilərdən yayınıb səhnəyə qalxsın və kumirinə sarıla bilsin? Necə etsin ki, müğənni ilə birgə şəkil çəkdirənədək, avtoqraf alanadək mühafizəçilər onu götürüb səhnədən atmasınlar? Və s.
Axı bütün bunları planlaşdırmaq, həyata keçirməyə cəhd etmək və eyni zamanda bu arzunun həm sevincinin, həm də təhlükəsinin həyəcanını yaşamaq bir yeniyetmə üçün heç də asan iş deyil. Özü də hədəfində Enrike İqlesias kimi bir müğənni olduğu halda. Amma o qız bunu bacardı.
Bütün bunları təsəvvür edə bilsəniz və o həyəcanı az da olsa hiss etsəniz, siz də o qızı alqışlayarsınız bəlkə. Amma əvvəl hiss etməyi bacarmaq lazımdı…
mənbə :
lent.az