23.06.2016 / 20:21 xeber –
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayeri Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Sankt Peterburq görüşü, habelə həmin görüşdə şəxsi nümayəndəliyin ofisinin genişləndirilməsi ilə bağlı əldə edilmiş razılıqla bağlı məlumatlandırıb.
APA-nın ATƏT-ə istinadən verdiyi xəbərə görə, bu barədə həmsədrlərin ATƏT sədri ilə bu gün Berlində keçirilən görüşü ilə bağlı yayılan məlumatda deyilir.
Bildirilir ki, əldə edilmiş razılıq münaqişə zonasında vəziyyəti sabitləşdirəcək, habelə sülh prosesinə təkan verəcək əlverişli atmosfer formalaşdıracaq.
F. Ştaynmayer də atəşkəsin dəstəklənməsinə yönəlik son inkişafı alqışladığını bildirib.
“Berlin görüşünün iştirakçıları davamlı atəşkəs və siyasi danışıqlara qayıdışın əvəzedilməzliyi barədə həmrəy olduqlarını bildiriblər. ATƏT sədri kimi Almaniya Minsk qrupu və həmsədrlərin səylərini dəstəkləyir, münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək”, – deyə məlumatda qeyd edilir.
mənbə :
lent.az