28 İyun 16:11
xeber – Orxan Mansurzadə yayılan məlumatlara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyindən Ağdaşın Qoşaqovaq kəndində guya naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANSPRESS-in sorğusuna cavab olaraq bildirdi ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətdən uzaqdır. Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların bəzi KİV-də tirajlanması özlüyündə ciddi suallar doğurur.
“Nazirliyin Mətbuat Xidmətindən və Ağdaş RPŞ-dən məsələ ilə bağlı verilən təkzib xarakterli açıqlamalara baxmayaraq, bəzi kütləvi informasiya vasitələrinin ucuz reytinq və sensasiya dalınca qaçaraq əhali arasında çaşqınlıq və qorxu atmosferi yaratmağa xidmət edən belə təxribat xarakterli dezinformasiyalar yayması düşündürücüdür və bu, KİV haqqında qanununvericiliyin tələblərinin ciddi şəkildə pozulmasıdır: “Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək Rayon Polis Şöbəsinə və ya DİN-in “102” Zəng Xidmətinə müraciət etməyib. Bir sıra saytlarda və telekanallarda bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil”.
O.Mansurzadə xatırladıb ki, Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına uyğun olaraq, qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. “Jurnalist hər hansı məlumatı yayarkən informasiya mənbəyinin mötəbərliyinə, informasiyanın obyektivliyinə, doğru-dürüstlüyünə əmin olmalı, yayımına və ya çapına hazırlaşdığı faktların, məlumatların səhihliyini aidiyyatı orqanlarla, eyni zamanda, ən azı bir neçə mənbə ilə mütləq formada dəqiqləşdirməlidir. Lakin konkret halda rayonun icra strukturlarının və polis şöbəsinin bəzi əməkdaşlarının adına çıxılan məlumatların təhrif olunmuş formada yayılması, heç bir ictimai dəyər daşımayan, əhəmiyyət kəsb etməyən mövzunun zorla gündəmə daşınması, müvafiq dövlət qurumları, o cümlədən Ağdaş RPŞ tərəfindən rəsmi şəkildə təsdiqlənməyən belə təxribat xarakterli məlumatların yayılması əslində KİV azadlığından sui-istifadədir. Belə bir vəziyyət tamamilə yolverilməzdir və ciddi məsuliyyət doğurur. Bir daha jurnalistləri məsuliyyətli, ayıq-sayıq olmağa, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə, insanlarda ümidsizlik, qorxu və panika yaratmağa xidmət edən məlumatları yayımlamamağa çağırırıq”.
Orxan Mansurzadə- DİN-in mətbuat xidmətinin şöbə müdiriBir neçə gün əvvəl Ağdaş rayonunun Qoşaqovaq kəndində qəribə hadisələr baş verdiyi barədə məlumat yayılıb. Həmin vaxt açıqlama verən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov bildirmişdi ki, sakinlərin gözünə görünən bu saqqallı şəxs təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır.
“Həyətlərə girərək sanki nə isə axtarır. Əlində də alışqan işığı var. Gecə saat 02-03 radələrində gəlir”.
Bələdiyyə sədri bildirmişdi ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: “O hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir”.
Ağdaş rayonunun Qoşaqovaq kənd sakinlərini qorxu içərisində saxlayan naməlum “saqqallı” varlıqlar ötən gün isə rayonun daha bir kəndində görünüblər. Onlar bu gecə rayonun Pirkəkə kəndində evlərə hücum ediblər. Bu barədə ANS PRESS-ə kənd icra nümayəndəsi Bəhlul Məmmədov açıqlama verib. Bildirib ki, bu barədə ona gecə saat 03 radələrində kənd sakinləri məlumat veriblər:
“Bir küçənin sakinləri təlaş içərisində idi. Kəndlilərdən biri mənə dedi ki, o, həmin şəxsi görüb. Onun sözlərinə görə, həmin şəxs qara paltarlı, uzun boylu bir adam olub. Digər bir sakin isə bildirdi ki, həmin şəxs onun həyətinə girib və toyuqlarını daşlayıb. Nəticədə də 4-5 toyuq daş zərbələrindən xəsarət alıb. Toyuqları daşlanan sakinin qonşusu isə həmin şəxsin onun həyətindən keçərək qaçdığını dedi. Mən də ərazidə bir müddət dayandıqdan sonra müvafiq qurumlara məlumat verdim”.
Bəhlül Məmmədov deyir ki, sakinlər həmin adamın çox sürətli qaçdığını, küncə sıxışdırıldıqda isə yoxa çıxdığını deyirlər. Onun sözlərinə görə, naməlum şəxs və ya varlığın həyətinə girdiyi şəxsin qonşusu ötən gün axşam saatlarında Qoşaqovaqdan traktorla gələrkən texnikanın qoşqusunda Pirkəkədəki evinə ot gətirib: “Həmin traktor sürücüsü mənə göstərdi ki, o qoşquya yığdığı otun üstündə sanki kimsə yatıb. Buna görə də həmin hissədə ot yapışıb. Ehtimal edilir ki, həmin şəxs elə məhz Qoşaqovaqdan gəlib. Gecə bütün sakinlər təşviş içərisində idi. Ancaq heç kimə xəsarət yetirilməyib, oğurluq edilməyib”.
mənbə :
anspress