29 İyun 12:21
xeber – Vəzifəsindən sui-istifadə edən Çilinqaryan azadlıqda.
Aprel döyüşlərindən sonra İrəvanda həbs edilən Ermənistan silahlı qüvvələrinin keçmiş silahlanma rəisi, general Mels Çilinqaryan barədə həbs qəti imkan tədbiri dəyişdirilib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunan general sağlamlığında yaranan problemlərlə əlaqədar azad olunub.
Bu barədə Ermənistan müdafiə nazirliyinin istintaq xidməti xəbər verib.
Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin keçmiş rəisi Mels Çilinqaryan iyunun 3-də həbs edilmişdi. Onunla birgə avtomobil xidmətinin keçmiş rəisi polkovnik Armen Markaryan da həbs olunub. Aparılan ilkin istintaq nəticələrinə görə, adıçəkilənlər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, həmçinin tələb olunmayan mallar alıblar.
Çilinqaryan uzun illər Ermənistan ordusunun silah-sursat təchizatı ilə məşğul olub. Erməni mətbuatı onun həyata keçirdiyi təchizat zamanı qiymət şişirtmələrinin müşahidə edildiyini yazıb. Dağlıq Qarabağın Vəng kəndində anadan olmuş general Çilinqaryan həmişə nəsil ağacına görə Serj Sarkisyanla qohum olduğunu bildirib.
Mels Çilinqaryan
Serj Sarkisyanın qohumu, Kalifoniya Universitetinin professoru Edvard Sarkisyanın araşdırmalarına əsaslanan Mels Çilinqaryan 2011-ci ildə verdiyi müsahibədə əcdadlarının əfsanəvi komandir Vardan Mamikonyanın törəməsi olduğunu, 1701-ci ildə Türkiyənin Muş şəhərindən Zəngəzura gələrək Serj Sarkisyanın vətəni Xndzoresk kəndinə yerləşdiklərini deyib. Onun sözlərinə görə, Çilinqaryan soyadı ilə yanaşı, Mkrtçyan, Petrosyan, Sarqsyan soyadı daşıyan mamkonyanlar Ermənistanda və Qarabağda bir çox kəndlərin əsasını qoyublar.
Aprelin əvvəlində cəbhə bölgəsində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalı və bir neçə yüksək rütbəli zabiti vəzifəsindən azad edib. Onun əmri ilə Ermənistan müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb. İşdən qovulanlar arasında baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var idi.
Aprel döyüşləri zamanı ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Polkovnikin vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır.
mənbə :
anspress