29.06.2016 / 17:14 xeber –
Dünən İstanbul Atatürk hava limanında 41 nəfərin ölümü, 239 nəfərin yaralanması ilə nəticələnən terror aktı türk dünyasını yasa boğub. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları olmasa da, bu hadisə Azərbaycanda da şok effekti yaradıb. Çünki söhbət canı, qanı və dili bir qardaş dövlətdən gedir.
APA TV paytaxt sakinlərinin dünənki terror aktına münasibətini öyrənib. Görəsən, bu terror onların Türkiyəyə planlarında bir dəyişikliyə səbəb olacaqmı?
– Bu dəhşət bir şeydir. Hər gün anamdan da soruşuram ki, bu terror niyə Türkiyədə olur. Nə vaxtsa bizə də gələ bilərmi? Məncə, bu çox dəhşətdir. İnşallah buna bir son qoyular.
– Bu, Türkiyəyə qarşı böyük bir zərbə idi. Həm Türkiyəyə, həm də Türkiyə ilə dostluq münasibətlərində olan bütün ölkələrə qarşı. O cümlədən qardaş ölkə olduğuna görə Azərbaycan Respublikasına da bir təsir idi. Əlbəttə ki, biz bunların əleyhinə çıxmalıyıq. Burada ölən, həyatını itirən hər bir adam bizim anamız, bacımız, qardaşımızdır.
– İnsanlıqdan kənar hərəkətdir. Kiminsə həyatına son qoyurlar. Sülh şəraitində yaşamaq var ikən, niyə kimlərisə qətl edək?
– Çox məyus oldum türk xalqı adına. Biz də türkük, "Böyük Turan" adına çox pis oldum. Terrora qarşıyıq, türk xalqının yanındayıq.
– Terror elə bir şeydir ki, bütün dünya buna qarşı çıxmalıdır. Türkiyə də bizim qardaş ölkədir. Əlbəttə ki, bu da bizə təsir edir. Biz də təəssüflənirik, bu gündən sonra olmamağını da diləyirik.
– Terrorizmi heç vaxt istəməmişəm, xüsusilə də müsəlman qardaş ölkə üçün. Başı sağ olsun. Acıları bizim acımızdır.
– Türkiyədə tələbəyəm. Terrorlar çox olur. Bizi də, ailəmizi də narahat edir. Nə olduğunu, hansı səbəbdən olduğunu bilməsək də, narahat oluruq. Terror hadisələri orada yaşayan tələbələri də, orada işləməyə və başqa səbəblə gedən insanları da narahat edir.
– Terror bəşəriyyətə qarşı bir bəladır. Hansı ölkədə olmasına baxmayaraq, terror hər zaman pisdir və pisləmək lazımdır. Türkiyə də qardaş ölkədir, acısı acımızdır.
– Eyni dövlətik, eyni xalqıq, onların hüznü bizim hüznümüzdür.
– Həm Türkiyə millətinin, həm də Azərbaycan xalqının başı sağ olsun demək istəyirəm. Ölənlər həm də bizim vətəndaşlarımızdır. İnşallah, Türkiyə daha yaxşı günlər görəcək. Bunlar siyasətdir, siyasətin qurbanı oldular.
– Türkiyə terrorla 50 ildən çox mübarizə aparır. Özləri də başa düşür ki, Türkiyəni tək terrorla devirmək mümkün deyil. Sadəcə, bu Türkiyəyə vurulan ağır zərbələrdən biridir. Bu işlərdə heç bir Avropa ölkəsi Türkiyə qədər dözümlü və möhkəm quruluşa malik deyil. Hətta Fransada bir balaca partlayış olanda bütün Avropa ayağa qalxmışdı, səfərbər olmuşdu. Ancaq belə olaylar Türkiyədə hər gün olur. Onlar bilməlidir ki, Türkiyəni bunlarla parçalamaq olmaz. Türkiyə həmişə yerində durub və duracaq.
Bakı sakinləri terror təhlükəsinə baxmayaraq, Türkiyəyə səfər planlarında hər hansı dəyişiklik etməyi düşünmürlər:
– Bu, turistlərin oraya getməsinə də təsir edəcək. Hər bir insan ora getmək istəyəndə ürəyində bir sıxıntı olacaq ki, bu hadisələr yenə də ola bilər. Bu, mənim elə bir planımı dəyişməz. Yəqin ki, bunların qarşısı alınar. Bu gün mən getmək istəsəm, yenə də gedərəm.
– Yox, heç bir planımı dəyişə bilməz. Universiteti bitirim, qismət olar gedərəm. Qardaş ölkədir, terror aktı bizdə də ola bilərdi. Mən səfər edəcəyəmsə, bunun ona bir problemi yoxdur.
– Məncə dəyişməz, çünki bu terror aktı Azərbaycanda da, dünyanın hər ölkəsində də baş verə bilər. Bu fikirlərə təsir etməməlidir.
– Yox, dəyişməz, məncə. Məncə, əlaqəsi yoxdur, gedərəm yenə də.
– Xeyr, məncə ikinci dəfə elə bir yerdə terror aktı gerçəkləşdirmək daha çətin olar.
– Bəzi turistlər fikirlərini dəyişir, ancaq mənim üçün yenə də qardaş ölkədir. Onlar üçün də yenə ölərik.
– Dəyişə bilər. Gələcəkdə orada qalmaq, işləmək üçün planlarımıza təsir edə bilər. Çünki ailəmiz həqiqətən narahat olur.
– Müəyyən qədər insanların Türkiyə ilə bağlı, oradakı təhlükəsizlik ilə bağlı fikirlərini dəyişir. Ancaq mənim fikrimi dəyişməz.
– Heç bir planımızı dəyişən deyil, biz qorxaq millət deyilik.
– Xeyr, bu sadəcə avropalıların fikrini dəyişə bilər. Bizim fikrimizi dəyişməz. Bizim üçün eynidir.
– Qətiyyən, terror lokal bir yerdə olur. Düzdür, KİV bunu elə qələmə verir ki, guya hər yerdə partlayış baş verir. Heç 2 km oradan uzaqda olanlar bəlkə də hadisəni bizdən gec eşitmişdi. Elə kəndlər var ki, bəlkə də hadisəni eşitməyib. Yəni əgər məqsədimizdə varsa gedirik, bu hadisələrin təsiri yoxdur. Avropalılar nə qədər qaçsa da istirahət üçün Türkiyədən yaxşı yer tapa bilmirlər.
Göründüyü kimi, Azərbaycan Türkiyənin acısını öz acısı kimi qəbul edir, terroru, onu sifariş verənləri və icra edənləri qətiyyətlə lənətləyir. Başın sağ olsun, Türkiyə!
mənbə :
lent.az