05.09.2016 / 10:21 xeber –
VII YAZI
Biz artıq mağazanın daş hörgü işini bitirib üstünü şiferlə örtmüşdük. Qalırdı otaqların suvağı və iç işləri. Gecə-gündüz işləyib tikilinin üstünü sürətlə örtdük ki, qarşıdan gələn yağmurlar bizə əziyyət verməsin.
Mənim planım beləydi, gördüyümüz işin pulunu alan kimi Omskdan Bakıya, ordan da kəndə, doğmalarla görüşməyə getməliyəm. Kənddə bir-iki gün qaldıqdan sonra yenə Moskvaya, təhsilimi davam etdirməyə qayıtmalıyam.
Təxminən avqust ayının ortaları idi, Şaiq axşamüstü kefikök vəziyyətdə içəri girdi. Qəsəbə soveti, indiyə qədər gördüyümüz işin pulunu müqaviləyə əsasən tam ödəmişdi. Qardaşı Nadir, Çingiz, Lal və mən dərhal onun başına toplaşdıq. Şaiq çantadan pul bağlamalarını çıxarıb stolun üstünə qoydu. Sonra dəftər çıxarıb hesabdarlar kimi yazdı-pozdu, vurdu-çıxdı və hərənin payına düşən pulu sayıb özünə verdi. Rus ustaların pulunu isə bir-bir siyahıya yazıb özündə saxlamağı qərara aldı. Onları yanımıza çağırıb: “Sizin pulunuzu indidən versəm əyyaşlıq eləyib işi yarımçıq qoyacaqsınız, ona görə pullarınızı mağaza tam təhvil veriləndən sonra ödəyəcəm” – dedi. Onlardan bir-ikisi yüngülcə narazılıq eləsə də, axırda anlayış göstərib razılaşdılar.
Mən hesabladım ki, payıma düşən bu pulla Azərbaycana gedib, ordan da Moskvaya qayıtdıqdan sonra üç ay atamdan pul istəmədən tələbə kimi yaşaya biləcəm.
Ən maraqlısı Lalın pula olan uşaq sevinci idi. O, payına düşən pul dəstəsini nəvazişlə stola vurub səliqəyə salır, təkrar-təkrar ləzzətlə sayırdı. Hamımız bilirdik ki, Lal pulu tanımır. Ancaq pullarını sayanda özünü düşüncəli kimi göstərir, hərdən də gözlərini süzüb ürəyində hesablayır, üzünə “məni aldada bilməzsiniz” kimi ifadə verirdi. Hərdən də gözaltı bizim payımıza düşən pullarla özününkünü müqayisə eləyir, məmnun gülümsəyirdi.
Kolbasa, araq, qara çörək və xiyar turşusundan ibarət yeyib-içmə məclisi düzəltdikdən sonra Şaiq dedi, indi Laldan soruşacam, görək, pullarını nəyə xərcləmək istəyir. Bilirdik ki, Lal suala cavab olaraq maraqlı səhnə yaradacaq.
Şaiq ona yaxınlaşıb əl jestləri ilə soruşdu ki, , pulları neyləyəcək? Lalın üzü güldü, ayağa durub üst-başını düzəldərək cavab verməyə teatr hazırlığı gördü. Rus ustalar və biz dairəvi oturaraq Lalın quraşdıracağı səhnəyə tamaşa eləməyə hazırlaşdıq.
Görək, əvvəlcə nədən başlayacaq? Aha, demək, pulların hamısını əldə etdikdən sonra üzünü qırxıb saçını səliqəyə salacaq. Sonra böyük bir mağazaya girəcək, hədiyyə üçün çoxlu paltar seçib alacaq. Lal bunların hamısını pantomima teatrı aktyorları kimi jest və mimikası ilə çox aydın nəql edirdi. Sonra həmin hədiyyələri səliqə ilə qatlayıb iki çamadana yığacaq. Deyəsən, Özbəkistana, evlərinə qayıtmaq istəyir yazıq. Aha, indi də Omsk şəhərinə gedir. Orda aerokassaya girdi, Daşkənd reysinə bir bilet aldı.
Lal beləcə, öz istəklərini danışdıqca kədər içində düşünürdüm, ey göylər, niyə bu saf insanın arzularını həyata keçirməyə yardımçı olmursunuz?! Axı, onun arzuladığı adi şeylərdi?..
Aha, Lal artıq təyyarədə Daşkəndə sarı uçur. Hərdən stüardessa ilə də söhbətləşir. Artıq göylərdən enmə vaxtıdır. Budur, Lal aeroportda baqaj şöbəsindən öz çamadanlarını təhvil alır. Bəli, Lalın cibində pulu çoxdu. Dərhal bir taksi saxladır. Bu yerdə Şaiq ortaya atılıb onun sözünü kəsərək deyir, belə goplayıb bədxərclik eləmə, səni yaxşı tanıyıram, xəsisin birisən, Daşkənddən kəndə taksi ilə gedə bilməzsən, düş avtobusla get. Lal dərhal səhvini düzəldərək, söyləyir ki, o, taksi ilə yalnız avtobus dayanacağına qədər gedəcək. Ordan da avtobusla düz kəndə. Nə isə, Lal aeroportdan bir taksiyə oturur, gəlir düz avtovağzala. Ordan da avtobusla kəndə. Burası ən həyəcanlı yeridi. Lal hər əlində bir çamadan evlərinin çöl qapısını açır. Onu birinci qoca anası qarşılayır. Lal beli əyilmiş qoca anasını qucaqlayıb öpür. Sonra anası atanı çağırır. Budur, Lalın qoca, saqqallı atası əlində çəlik bayıra çıxır. Lal beli əyilmiş qoca atasına tərəf gedir, onlar qucaqlaşıb görüşürlər. Bu zaman hardansa qardaşı peyda olur. Lal qardaşının böyüyüb yekə kişi olduğunu deyir və gülərək qucaqlayıb əlini bir neçə dəfə onun kürəyinə vurur. Aha, bu da Lalın bacısı! Utana-utana Lala sarı gəlir. Lal irəli yeriyib bacısını qucaqlayır. Və bu yerdə çamadanları açmaqdan özünü saxlaya bilmir.
Lal əyilib çamadanın birini açır. Ordan bir-bir güllü donlar, yaylıqlar çıxarıb havada yelləyərək nümayiş elətdirir və bacısına verir. Sonra bacısı üçün iki cüt ayaqqabı, saç üçün bəzəkli əşyalar da çıxarır. Bacısı sevinc içində qardaşını qucaqlayır. Lal bu dəfə anası üçün aldığı iri güllü şalları, gözəl donları nümayiş elətdirib ona təqdim eləyir. Gözəl ayaqqabılar, corablar biri-birini əvəz eləyir. Anası oğlunun qazancına sevinir və onu öpür. Sonra qardaşını yaxına çağıraraq ona aldığı hədiyyələri çamadandan çıxarır. Götür, bu sənə köynəklər, bu kostyumlar, bu ayaqqabılar, bu, corablar! Qardaşı sevindiyindən Lalı qucaqlayıb göyə qaldırır. O, bu dəfə kənardan onları fərəhlə süzən ixtiyar atasını sevindirir. Köynəklər, şalvarlar, kostyumlar, ayaqqabılar, corablar, papaq…
Lal beləcə, otağın ortasında dayanıb xəyali çamadanlarını xoşbəxtlik içində boşaldırdı. “Tamaşaçılar” onun göstərdiklərini anlayaraq gülməkdən keçinirdilər. Ancaq mən Lalın bu səhnəsinin heç vaxt həyata keçməyəcəyini duyduğuma görə göz yaşlarımı saxlaya bilmirdim…
SON
mənbə :
lent.az