05.09.2016 / 17:41 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən şirkət direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Ulduz Məmmədova ifadəsində 2014-cü ilin noyabr ayında təqsirləndirilən şəxs Ə.Cəfərovun onun evini satdığını deyib: "Əkbər bu pulu 3 gün müddətində qaytarılacağın bildirdi. Evi 30 min manata satıblar, lakin bizə hələ də pul verilməyib".
Digər zərərçəkmişlər də Ə.Cəfərov tərəfindən evlərinin bir neçə nəfərə satıldığını qeyd ediblər. Zərərçəkmiş Rafiq Məmmədovun sözlərinə görə, Ə.Cəfərova 2013-cü ildə 39 min manat pul verərək, mənzil alıb. Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, ittiham aktına əsasən, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin direktoru Ə.Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr müəyyən olunub.
mənbə :
lent.az