09.09.2016 / 16:18 xeber –
Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş Qovlar şəhərində sakinlərlə görüşüb
Lent.az-ın məlumatına görə, sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Q.Paşayeva müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib, fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb.
Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Q.Paşayeva dəstək göstərilməsini xahiş edib.
Qovlar şəhərində Sevil Qazıyeva ilə Asif Feyzullayev küçəsindəki sakinlərin içməli su problemləri ilə bağlı müraciətlərini dinləyən millət vəkili müvafiq qurumla problemin qısa zamanda həlli yollarını müzakirə etdiyini deyib.
Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.
+4
mənbə :
lent.az