15.09.2016 / 18:16 xeber –
Prezident İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman verib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, fərmana əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılıb.
Bildirək ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.
Bundan başqa, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş müddətdə bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla İqtisadiyyat Nazirliyi qəbul edəcək.
Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenə də İqtisadiyyat Nazirliyi qəbul edəcək.
İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək, Nazirlər Kabinetinə də həmçinin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
mənbə :
lent.az