16.09.2016 / 02:33 xeber –
Oğurluq və soyğunçuluqda təqsirli bilinən Abşeron rayonunun Hökməli qəsəbə sakinlərini polis əməliyyatçıları xüsusi əməliyyat zamanı yaxalayıblar.
APA TV-nin məlumatına görə, 3 nəfərdən ibarət dəstə üzvləri oğurluqları əsasən gecə saatlarında həyata keçiriblər.
26 yaşlı Heybət Dadaşov yük maşınlarından açıb oğurladıqları ehtiyat hissələrini satmaqla pul əldə etdiklərini, sonra da pulu "zəhrimar"a verdiklərini bildirib: "Satırdıq, zəhrimara verirdik, narkotikaya. Aparırdıq növbəti akkumulyatoru satmağa, polis tutdu".
Ümumilikdə 10 avtomobildən oğurluq etdiklərini dəstə üzvləri özləri etiraf ediblər. Heybət Dadaşov əldə olunan gəlirin aralarında tən bölündüyünü, marixuananı isə 27 yaşlı dostu Vidadi ilə hər gün qəbul etdiklərini bildirib: "2000 pulum vardı, verdim mala, qurtardı. Sonra pul çatdıra bilmirdim, başladım oğurluğa".
Dəstənin 3-cü üzvü isə 34 yaşlı Sabir Xəlilovdur. Əvvəllər narkotik vasitələrdən istifadə edən Xəlilov son aylar narkotik qəbuluna tövbə etsə də, əli əyri olmayacağına and içməyib. Polisdən verilən məlumata görə, dəstənin saysız-hesabsız oğurluqlarının təşkilatçısı məhz o olub.
Bu şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
mənbə :
lent.az