19.09.2016 / 23:50 xeber –
Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı “Dalğa” restoranında baş verib.
Restoranda aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri keçirilməli imiş. Ələkbər Kazımovski də məclisin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub:
“Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.
Ələkbər Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Həkimlər onun öldüyünü təsdiqləyiblər.
Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.
Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. filmlərin müəllifi idi. O, uzun illər AzTV və ANS telekanalında çalışıb.
Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.
***
Tanınmış rejissor Ələkbər Kazımovski bu gün axşam saatlarında dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, Ə. Kazımovskir Bakı restoranlarının birində ad günü mərasimində iştirak edirmiş.
Şahidlərin sözlərinə görə, mərasim zamanı rejissorun halı qəflətən pisləşib və o keçinib.
mənbə :
lent.az