24.09.2016 / 11:07 xeber –
Ötən il Azərbaycanda 166 210 uşaq dünyaya gəlib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, onlardan 77 795 nəfəri qız, 88415 nəfəri oğlan olub.
Rəqəmləri nəzərə alsaq, görərik ki, yenə də oğlan uşaqlarının sayında artım müşahidə edilir. Bəs görəsən, oğlan uşaqlarının sayındakı bu artım təbiidir, yoxsa yenidən qız uşaqlarının istənilməməsi gündəmdədir? Məsələyə aydınlıq gətirmək üçün ölkəmizdə abortlarla bağlı vəziyyəti araşdırmaq qərarına gəldik.
Dünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, abortların yalnız 12 faizi tibbi göstərişlə, 40 faizi qadınların arzusu ilə, 25 faizi həyat səviyyəsinə, 23 faizi isə sosial göstəricilərə görə həyata keçirilir.
Azərbaycan Tibb Universitetinin ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyir ki, abortların sayı bütün dünyada artığı kimi, ölkəmizdə də artıb. Onun sözlərinə görə, qadınlar əsasən iki səbəbə görə hamiləliyi sonlandırır. Birincisi, istənilməyən hamiləlik olduğu üçün, digəri isə döldə qüsurlar yarandığı təqdirdə olur. Onun sözlərinə görə, ailə içi və sosial problemlərə görə də abort etdirmək istəyənlərin sayı az deyil: "Hamiləliyin sonlandırılmasını iki qrupa bölə bilərik. Bir qrup 12-ci həftəyə qədər qruplardır, ikincisi də 12-ci həftədən böyük olan hamiləlik həftəsidir. 12-ci həftədən böyük olan hamiləlik sonlandırılması 18, 19, 20 həftə ola bilər. Burada döl daha böyük, hamiləlik müddəti daha uzun olduğu üçün onun sonlandırma prosesində də daha çox fəsadlar ola bilər. Amma 12-ci həftənin altındadırsa, o fəsadları daha azdır. Məsələn, 8 həftəlik hamiləliklə 18 həftəlik hamiləliyin arasında sonlandırma aparılarsa, təxminən 12 dəfə risk daha çoxdur 18 həftəlik hamiləlikdən".
Turab Canbaxışovun sözlərinə görə, yuxarı həftələrdə edilən abortların bir çox fəsadları ola bilər ki, bunlardan da ən başlıcası qanaxmalardır. Bu isə xəstənin həyatı üçün təhlükəlidir: "Həftə böyüdükcə uşaqlığın içində hamiləlik hissəciklərinin qalma ehtimalı ola bilər ki, bu da xəstənin həyatı üçün təhlükəlidir. Bu, 11-ci həftədən sonra daha çox bu gözlənilir. Kiçik həftələrdə dölün hələ tam sümükləşməsi olmadığı üçün dölün parçalarının qalma ehtimalı demək olar ki, yoxdur. İkincisi, qanaxma ehtimalı ola bilər. İstər prosedur sonrası, istər prosedur sırasında. Hər bir müdaxilədə alətlərin uşaqlığın içinə girməsi ilə aparılan bir müdaxilədir. Bir iltihab və ya infeksiya, yaxud yad bir cismin oraya yeridilməsi sırasında mikrobların düşməsi ehtimalı ola bilər. Prosedur sırasında uşaqlığın zədələnməsi ola bilər. Onun da fəsadları tamamilə başqadır. Zədələnərsə, həkim onu görərsə, nəzarət altına alar. Görülməzsə, qanaxma davam edər və uşaqlığın deşilməsi kimi ölümcül vəziyyətə qədər gətirib çıxara bilər".
Həkim deyir ki, abortlar mütləq ehtiyatla edilməlidir. Əgər xanımın heç bir övladı yoxdursa, o zaman əməliyyat daha diqqətlə aparılmalıdır. Abort zamanı uşaqlığa hər hansı bir infeksiya düşə bilər ki, bu da sonradan ciddi fəsadlara gətirib çıxarar, qadının növbəti dəfə ana olmaq arzusu sual altında qala bilər. Amma istisnalar da mövcuddur. Elə qadınlar var ki, 18-19 dəfə abort etdirməyinə baxmayaraq, yenidən hamilə qalıb.
Turab Canbaxışovun fikrincə, kişilər daha çox oğlan uşağı istədiyi üçün cinsiyyət problemi hələ də qalmaqdadır. Hazırkı qanunvericiliyə görə, 12 həftəyə qədər hamiləliyin sonlandırılmasına icazə verilir. Cinsiyyət 15-ci həftədə tam formalaşır. 12-ci həftədə isə cinsiyyət 50 faiz bilinir. Bəzən 12-ci həftədə deyilən cavablar doğru olmaya bilir. Bu ərəfədə qız deyilirsə, 15 faizi oğlan olur: "12-ci həftədə 100 hamiləlik sonlandırılırsa, sırf cinsiyyətə görə sonlandırılıb. Cinsiyyət problemləri son zamanlar daha da artıb. 12-ci həftədən sonra abortların sayı demək olar ki, artıb. 2015-ci ildə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 27-28 minə qədər abort olunub. Onların yarısı demək olar ki, 12-ci həftənin üzərində aparılmış hamiləliyin sonlandırılmasıdır. Təxminən 13-14 minə qədər də 12-ci həftədən sonlandırılan hamiləlikdir. Bu da sırf cinsiyyətlə əlaqəlidir".
2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Həmin qadınlardan 50 nəfəri isə 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort edərək, hamiləliyinə son qoyub: "Bəzən olur ki, 18 yaşı tamam olmayıb deyə, qızlar qorxurlar, qeyri-peşəkar mütəxəssislərin əlinə düşürlər, dərman və yaxud fərqli vasitələrlə bu hamiləliyi sonlandırmaq istəyirlər. Məhz o başarılı olmadığından fəsad çıxır, çoxu da o zaman xəstəxanalara müraciət edir, ona görə Səhiyyə Nazirliyinə bu rəqəmlər gedir çatır. Uğurlu olanların heç rəqəmləri ortaya çıxmır. Burada problem əlbəttə ki, abort etdirənlərdə deyil, problem insanları maarifləndirməkdə görürəm. Cinsi əlaqə hər kəsin öz istəyidir. Qorunma üsullarının mütləq aydınlatmaq lazımdır".
Bəs abortdan sonra qadının psixologiyasında hansı dəyişikliklər baş verir? Psixoloq Təhminə Çələbi deyir ki, psixologiyada "abortdan sonrakı sindrom" adlanan termin var: "Qərar verdikdən sonra müəyyən zaman keçir və insanın əhvalında müəyyən dəyişikliklər baş verir. Burada günahkarlıq hissi ola bilər, müəyyən stresslər ola bilər, yuxu ilə bağlı problemlər yaşanır, bəzən, ümumiyyətlə, yuxusuzluq baş verir. Digər övladı varsa, ona qarşı etinasızlıq və yaxud hiperqayğı özünü göstərir. Tənhalığa qapılmaq, səbəbsiz göz yaşları, ən çox aqressiya və isterikalar müşahidə olunur. Qadınlar çox vaxt bunun səbəbinin nədən olduğunu anlamırlar. Təbii ki, bu sindrom artıq bu proses baş tutandan 15 gün, 1 ay sonradan 6 ay sonraya kimi davam edə bilər".
Müsahibimiz deyir ki, bəzən qadınlar abortdan dərhal sonra yenidən başqa övlad dünyaya gətirmək istəyirlər ki, onu unutdursun. Bunun yanlış olduğunu deyən psixoloqun sözlərinə görə, depressiyada olan insan analığa hazır olmadığı üçün hamiləlik dönəmi ona daha da ağır başa gələ bilər: "Əgər hamiləlik plansız nəzərdə tutulubsa, o zaman ilk 6 həftəyə kimi və yaxud 7-8 həftəyə kimi bu prosesləri həll etmək daha məqsədəuyğun olar. Çünki artıq dölün ürək döyüntüləri qadına daha çox psixoloji təsir göstərir. Buna görə də mütləq hamiləliyi tez sonlandırmaq lazımdır".
Təhminə Çələbinin fikrincə, övlad sahibi olmağa da, onu abort etməyə də qərarı insan çox normal psixologiya ilə verməlidir.
Qeyd edək ki, hazırda ABŞ-ın bir sıra ştatlarında, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılaraq tamamilə qadağan edilib.
mənbə :
lent.az