28.09.2016 / 11:47 xeber –
Qaynaqçı və rəngsaz… Adətən, kişilərin çalışdığı bu ağır sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş rayonunda yaşayan Yeganə Mustafayeva seçdiyi sənəti ilə insanların böyük marağına səbəb olan qadınlardandır. O, bir neçə ildir ki, qaynaqçı, rəngsaz və dizayner kimi öz emalatxanasında çalışaraq ailəsini dolandırır.
Günün əsas hissəsini bu qaynaqçı sexində keçirən zəhmətkeş Yeganə Mustafayevanın əlləri bu ağır işdə zərifliyini itirib. Lakin o, gördüyü işdən heç də yorulmur, əksinə, həvəslə metaldan məişət əşyaları, xüsusən də masa və oturacaqlar, qapı və pəncərələr, uşaq əyləncə mərkəzləri üçün kiçik attraksionlar, müxtəlif ölçüdə və dizaynda məhəccərlər, çardaq və digər əşyalar hazırlayır. Sifarişlər əsasında metaldan 15-ə yaxın məişət əşyası hazırlayan usta xanım etiraf edir ki, bu sənət qadın işi deyil. Çünki qadın ağır metalları qaldırır, onları qaynaq etdikdən sonra gözlərində yaranan ağrılara dözür. Belə çətin işə adətən zərif cinsin nümayəndələri maraq göstərməsə də, Yeganə Mustafayeva bu işin öhdəsindən gələ bilir. O, qışın soyuğunda və yayın istisində qaynaq işlərinin çətinliklərinə dözür. Çünki bu işdə əldə etdiyi halal qazancla ailəsinə çörək aparır. Artıq əlini ağır işə alışdıraraq bu sənətin bütün sirlərini öyrənib. Elə bunun nəticəsidir ki, bu vaxta qədər hazırladığı əşyalardan heç kim şikayət etməyib. Əksinə, razı qalanların sayı daha çox olub.
Yeganə xanım gördüyü işlərə görə kişi qaynaqçılardan heç də geri qalmır. İşinə daim məsuliyyətlə yanaşan zəhmətkeş qadın ustanın səliqə ilə hazırladığı əşyalar keyfiyyəti və möhkəmliyi ilə seçilir. O, əvvəlcə hazırlayacağı əşyanın maketini qurur, sonra dəmiri lazımi ölçüdə kəsərək onu qaynaq etməklə birləşdirir. Yeganə Mustafayevanın əşyalara yumşaq dəri materialından üzlük çəkməklə bağlı yaxşı dərzilik bacarığı da var. Eyni zamanda hazırladığı bütün əşyaları xüsusi zövqlə boyamaqla onları daha da gözəlləşdirir.
Yeganə xanım qaynaqçılıq sənətinin sirlərini Ağdaşda 30 ildən çoxdur usta işləyən Çingiz Baxışovdan öyrənib.
Qaynaqçı qadının hazırladığı əşyaları alan müştərilər çox razı qaldıqlarını bildirirlər.
mənbə :
lent.az