29.09.2016 / 13:30 xeber –
Bu gün dayısıqızına görə qanlı hadisə törətməkdə təqsirli bilinən Quba rayon sakini, 1995- ci il təvəllüdlü Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. Kamran Baxışov özünü təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs bıçaqladığı Mikayıl Musayevlə həmkəndli olduğunu deyib: "Kənddən tanıyırdım. Bir gün kənddə gəzirdim. Dayımqızı keçdi. Arxasınca da Mikayıl keçdi. Baxdım ki, dayımzqının arxasınca düşüb. Mikayılı çağırıb iradımı bildirdim. Və birdə bu cür hərəkət etməməməsi dedim. O buna məhəl qoymadı. Mübahisəmiz qızışdı. Söyüş söyüldü. Bıçaqla budundan vurdum".
Prosesdə zərərçəkən Mikayıl Musayev ifadə verib. O, ifadəsində hadisə barəsində məlumat verib: "Söyüş söydüm, bıçaqladı. Heç bir şikayətim yoxdu. Aramızda barışıq olub". Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, bu il Qubanın Rustov kəndində bıçaqlanma hadisəsi baş verib. 2 həmkəndli arasında yaranan şəxsi münaqişə zəminində baş verən mübahisə 1 nəfərin xəsarət alması ilə nəticələnib. Quba Polis Şöbəsinin (PŞ) müstəntiqi Sərxan Ramazanovun verdiyi məlumata görə, 26 yaşlı kənd sakini Mikayıl Musayev həmkəndlisi 21 yaşlı Kamran Baxışov tərəfindən bıçaq xəsarəti alıb. Bud nahiyəsindən xəsarət alan Mikayil Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Bıçaqlanan şəxsin qardaşı Pərviz Musayev hadisəni törədən Kamran Baxışova layiqli cəza verilməsini tələb edir. Faktla bağlı Quba PŞ-də araşdırmalar başlanılıb.
mənbə :
lent.az