30.09.2016 / 12:53 xeber –
“Görüşəndə məni tanımayacaqsan. Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram) mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə köynəklərimdən — gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil”.
Bu məktub uzaq Komidən, Veslyana stansiyası yaxınlığında yerləşən Vojael həbs düşərgəsindən göndərilib, 1943-cü ildə. Stalin repressiyalarının qurbanlarından biridir məktub müəllifi: Mustafa Vəkilov. Həyat yoldaşı Müqəddənisə xanıma yazıb. Amma Mustafa bəy və Müqəddənisə xanımın ağıllarına da gəlməzdi ki, onlar bir daha görüşə bilməyəcəklər…
Kim idi Vəkilov və bu yazıda niyə ondan bəhs edirik?
Azərbaycanın hüquq üzrə ilk professorudur, Sorbonna universitetinin məzunudur. ADR vaxtında oxumağa göndərilib. Təhsilini başa vurub qayıdanda artıq Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. O, Bakıya qaydandan sonra Moskvaya getmişdi. Nərimanovla görüşmüşdü. Nərimanov ona Kremldə qalıb ixtisası üzrə işləməyi təklif etmişdi, amma Vəkilov razılaşmamışdı, Bakıya qayıtmışdı. Bir müddət Azərbaycan SSR-in ədliyyə orqanlarında çalışmışdı. Sonra universitetdə dərs demişdi. İki elmi kitab yazmışdı. 1935-ci ildə Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olmuşdu. Elə həmin il professor dərəcəsi almışdı.
1941-ci ilin yanvarında onun da dalınca gəlmişdilər. Antisovet-millətçi fəaliyyətdə suçlanmışdı və cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakıdan birbaşa Komiyə aparılmışdı…
Mustafa Vəkilovun həyat yoldaşı Müqəddənisə xanıma yazdığı sonuncu məktubu həyəcansız oxumaq olmur: “Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mənim üçün bu ikiqat fərəhli gün yaxınlaşır. Hər gün alman banditləri üzərində qələbələrimiz haqqında yeni xəbərlər gəlir. Bu gün radio qoşunlarımızın Rostovu geri almaları haqqında fərəhli bir xəbər yaydı. Deməli, əgər sən mənə məktub yazmaqdan ötrü işdən vaxt tapa bilsən, əlaqələrimiz bundan sonra müntəzəm şəkil alacaq. Yaxud da heç olmasa, qoy sənin əvəzinə Çingiz yazsın. Axı o mənim üçün vaxt tapmalıdır. Dərsləri ki, onun bütün vaxtını almır. Ailəmə, vərdiş etdiyim namuslu əməyə, faciəli anlaşılmazlıq nəticəsində qoparılmış olduğum namuslu sovet adamlarının arasına qayıdışı gözləyə-gözləyə fiziki və mənəvi baxımdan çox yorulmuşam. Elə dəyişmişəm ki, görüşəndə məni tanımayacaqsan. Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram) mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə köynəklərimdən — gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil. Görüşənədək. Yatmaq vaxtıdır. Səni, uşaqları, atamı, anamı, əmimi, bibilərimi və bütün doğmalarımı bərk-bərk öpürəm. Tezliklə azad ediləcəyimi gözləməklə, səni bir daha ürəyimin başına sıxıram. Mustafa”.
Mustafa Vəkilov azadlığa çıxa bilmir. 1943-cü il aprelin 30-da sürgündəcə vəfat edir. Onun harada basdırıldığı belə məlum deyil. Böyük ehtimalla Vəkilov barəsində də hansısa arxivdə sənədlər var. Və bu sənədləri tapıb üzə çıxarmaq mümkündür.
Boş dayanmadıq. Lent.az Moskvadakı “Memorial” təşkilatından az da olsa bəzi məqamları öyrənib. Sən demə, Mustafa Vəkilov Veslyana stansiyası yaxınlığında dəfn edilib. Onu da öyrəndik ki, 1955-ci ildə Vəkilov bəraət də alıb. Və çox təəssüf ki, indiyədək bu məmləkətin ilk hüquq professorunun həyatı və fəaliyyəti barədə bundan artıq heç nə öyrənə bilmədik.
Mustafa bəy kimi Avropada təhsil alıb vətənə qayıtmış başqa bir azərbaycanlının da sürgün yeri olub Komi.
Söhbət Cəfər Kazımovdan gedir. O, Almaniyada Darmştadt Texniki Universitetini bitirmişdi. Geoloq idi. 1940-cı il yanvarın 26-da antisovet təbliğatı ittihamıyla Cəfər Kazımova 5 il iş kəsilmişdi. O, cəzasını çəkmək üçün Komi MSSR-ə, Uxta şəhərində yerləşən Qütb düşərgəsinə göndərilmişdi. Yeri gəlmişkən, Cəfərin böyük qardaşı Ağahüseyn Kazımovu 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələmişdilər. Ağahüseyn də onun kimi Avropada təhsil almışdı, həkim idi. Azərbaycanda sovet hakimiyyəti qurulanda isə ilk Səhiyyə Komissarı olmuşdu.
Az keçmiş Cəfəri düşərgədən aparmışdılar. Hə, xüsusi bir missiya ilə bağlı. Onu başqa bir azərbaycanlı Rüstəm Vəkilov xilas etmişdi. Kremlin tapşırığıyla Komiyə göndərilən Vəkilov inad edərək həmyerlisini həbsdən qurtarmışdı.
Rüstəm Vəkilov 1916-cı ildə anadan olmuşdu. Azərbaycan dövlət Universitetini bitirmişdi. 1939-cu ilə qədər SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında kiçik elmi işçi olub.
1940-cı ilin noyabrında Vəkilovu təcili Kremlə çağırırlar. Bundan sonra ondan uzun illər xəbər tutmaq mümkün olmur – nə ailəsi, nə qohumları, nə də dostları. O, Stalinin tapşırığıyla kiçik bir ekspedisiya ilə Komiyə, Uxta şəhərinə göndərilirdi. Olduqca məxfi əhəmiyyətli bu ekspedisiyanın qarşısına Uxta yaxınlığında uran yataqları tapmaq vəzifəsi qoyulmuşdu. Vəkilovun ixtiyarında isə mədənlərdə işləmək üçün düşərgələdə cəza çəkən minlərlə siyasi dustaq vardı. Düz 13 il Komidə uran axtarışında olur və tapır, nəhayət.
Sən demə, hələ müharibədən əvvəl rus alimlər Karpinski və Vernadski Komidə, Peçora və Kolıma çayları arasında uran yataqlarının olma ehtimalı ilə bağlı Stalinə məruzə ediblərmiş. Hələ 1925-ci ildə akademik Başilovun rəhbərliyi ilə bu nadir elementi tapmaq üçün ekspedisiya təşkil edilibmiş. Amma onlar heç nəyə nail ola bilməyibmiş. 1946-cı ildə Vəkilov və ekspedisiyası, nəhayət, məqsədlərinə çatırlar. Uran yatağı kəşf edilir. Kreml Uxtaya xüsusi komissiya göndərir və uranın daşınması həyat keçirilir.
1949-cu ildə Vəkilov xüsusi təyinatlı “Uxtpromkombinat”a rəis təyin edilir. Yeri gəlmişkən, Vəkilovun uran yatağı tapdığı kənd uzun müddət onun şərəfinə “Rustamka” adlanırmış.
Cəfəri də elə o tapıb üzə çıxarmışdı. Bir müddət sonra onu Kominin Uxta şəhərindəki düşərgədən azad edib, laboratoriya müdirinin müavini qoyur.
Rüstəm düz 13 ildən sonra vətənə qayıtmışdı, yüksək vəzifələrdə işləmişdi.
Cəfər isə 1955-ci ildə bəraət aldı. Sonradan “Qırmızı Əmək Bayrağı” ordeniylə təltif edildi. 1968-ci ildə Bakıda vəfat etdi.
mənbə :
lent.az